...

Mübariz Qurbanlı: Laqeyd qalsaq, müxtəlif məzhəblərə bölünən məscidlər yaranar

Cəmiyyət Materials 8 İyul 2016 18:05 (UTC +04:00)
İslam ölkələrində dini bayramların keçirilməsi ilə bağlı nəzəri razılıq olsa da, praktik olaraq, biz bunun icrasını görmürük.
Mübariz Qurbanlı: Laqeyd qalsaq, müxtəlif məzhəblərə bölünən məscidlər yaranar

Bakı. İlhamə İsabalayeva - Trend:

İslam ölkələrində dini bayramların keçirilməsi ilə bağlı nəzəri razılıq olsa da, praktik olaraq, biz bunun icrasını görmürük.

Trend-in məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı AzTV-yə müsahibəsində deyib.

Onun sözlərinə görə, islam dini yarandıqdan sonra onun içində müxtəlif məzhəblərin əmələ gəlməsi, qarşıdurmaların olması islamda olan bayramlara da təsir edib. Bunun nəticəsində həm namaz vaxtlarında, həm də dini bayramların qeyd olunmasında fərqlilik olub: “Bu fərqliliyin kökü tarixə gedib çıxır. Amma bu fərqliliyi aradan qaldırmaq üçün cəhdlər davam etməkdədir. Bununla bağlı müxtəlif ölkələrdə böyük tədbirlər keçirilib və bu məsələ müzakirə olunub. Hələlik nəzəri olaraq, hamı eyniliyə razılıq verir, amma praktikada fərqlər özünü göstərir”.

M.Qurbanlı əlavə edib ki, Azərbaycanda məscidlərdə vahid təqvimin tətbiqinin tərəfdarıdırlar. Onun sözlərinə görə, məcscidlərdə bununla bağlı qarşıdurmaların yaranmasına imkan vermir və Qafqaz Müsəlmanları İdarəsi ilə bu yöndə sıx əməkdaşlıq etməkdə davam edirlər.

Komitə sədri qeyd edib ki, QMİ-nin dini bayramlarla bağlı verdiyi fətvalar məscidlər üçün məcburi xarakter daşıyır: “Vətəndaş üçün hər hansı bir fətva məcburi xarakter daşımaya bilər. Vətəndaş fərd olaraq, bu təqvimdən kənara çıxa bilər. Öz evində bayramı hansı gündə qeyd etməsi onun şəxsi işidir. Yəni onun üzərində buna görə total nəzarət həyata keçirilmir. Biz Azərbaycanda QMİ-nin fətvası əsasında vahid təqvimi tətbiq edirik və məscid səviyyəsində bu cür qarşıdurmaların yaranmasına imkan vermirik. Əgər biz buna laqeyd qalsaq, onda müxtəlif məzhəblərə bölünən məscidlər yaranar və bu da qarşıdurmaya gətirib çıxara bilər”.

M.Qurbanlı qeyd edib ki, Ramazan bayramının ölkədə dövlət səviyyəsində iki gün keçirilməsi də tolerantlığın nəticəsdir.

Komitə sədri əlavə edib ki, bu gün Azərbaycanda dövlət-din münasibətləri normal məcrada inkişaf edir: “Azərbaycan vətəndaşı ölkədə dini etiqad, vicdanının təmin edildiyini görür və bunu qəbul edir. Vətəndaş tərəfindən dini etiqad, vicdan azadlığının pozulması ilə bağlı əsaslı şikayət olmayıb”.

M.Qurbanlının sözlərinə görə, Azərbaycanda islam və qeyri-islam dini icmalarının sayı 650-ə qədərdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti