...

“Məktəbəqədər təhsil haqında” qanun layihəsinin ictimai müzakirəsi keçirilib

Cəmiyyət Materials 7 Noyabr 2016 11:51 (UTC +04:00)
Təhsil ekspertləri ilə “Məktəbəqədər təhsil haqında” qanun layihəsinin ictimai müzakirəsini keçirilib.
“Məktəbəqədər təhsil haqında” qanun layihəsinin ictimai müzakirəsi keçirilib

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının Təhsil məsələləri üzrə İşçi Qrupu təhsil ekspertlərinin və aidiyyatı QHT rəhbərlərinin iştirakı ilə “Məktəbəqədər təhsil haqında” qanun layihəsinin ictimai müzakirəsini keçirib.

Şuranın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, toplantıda çıxış edən Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov Şuranın Milli Məclislə əməkdaşlığı çərçivəsində ölkənin qanunverici orqanının gündəliyində olan müxtəlif qanunların ictimaiyyət nümayəndələrinin iştirakı ilə müzakirəsini təşkil etdiyini deyib. O, təhsilin bütün cəmiyyətlər üçün ən önəmli məsələ olduğunu və bu cəhətdən müvafiq istiqamət üzrə fəaliyyət göstərən QHT-lərin “Məktəbəqədər təhsil haqında” qanun layihəsi ilə də bağlı rəy və təkliflərini bildirməsinin vacib olduğunu vurğulayıb.

Şuranın Təhsil məsələləri üzrə İşçi Qrupunun rəhbəri, XXI Əsr Təhsil Mərkəzinin sədri Etibar Əliyev, Azərbaycan Müəllimlər Şurasının sədri, prof. Əjdər Ağayev Azad Müəllimlər Birliyinin sədri Məlahət Mürşüdlü, BDU-nun professoru Şahlar Əsgərov, İctimai Problemlərin Tədqiqi Assosiasiyasının sədri Məhərrəm Zülfüqarlı, “Ekoloji maarifçilik və monitorinq” İctimai Birliyinin sədri Qəmzə Yusubova, “Mərhəmət” Kimsəsizlərə Yardım İctimai Birliyinin sədri İradə Nəsirova, “Potensial” Sumqayıt mütəxəssislər İctimai Birliyinin sədri Sahib Fərzəliyev və digər QHT təmsilçiləri çıxış edərək qanunun ictimai müzakirəsinin keçirilməsinə görə Şuraya təşəkkürlərini bildirərək bunun cəmiyyətimiz üçün böyük faydasının olacağına inandıqlarını deyiblər.

QHT rəhbərləri məktəbəqədər müəssisələrin uşaqların ətraf mühitlə tanış edilməsi, insanlara sevgi hissinin oyadılması, dünyagörüşünün formalaşdırılması və inkişafını həyata keçirilməli olduğunu bildirərək qanun layihəsinin müxtəlif maddələrinə dəyişikliklər edilməsi ilə bağlı təkliflərini səsləndiriblər.

Müzakirələr zamanı sözügedən qanun layihəsindəki bəzi müddəaların və terminologiyanın məktəbəqədər təhsilin mahiyyətinə uyğun olmadığı və daha sadə, bütün vətandaşların asan anlayacağı şəkildə hazırlanmasının vacib olduğu qeyd edilib. Toplantıda həmçinin qeyd olunub ki, məktəbəqədər təhsil və tərbiyə müəssisələrində ana dilimizin təbliğinə xüsusi diqqət ayrılmalıdır. F.Qurbanov irəli sürülən rəy və təkliflərin İşçi Qrup tərəfindən Milli Məclisin müvafiq komitəsinə çatdıralacağını deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti