...

“Nə? Harada? Nə zaman?” oyunu üzrə VII Çağırış Kuboku keçirilib (FOTO)

Cəmiyyət Materials 5 Dekabr 2016 20:11 (UTC +04:00)
Gənclər Fondunun maliyyə dəstəyi və Xəzər İntellektual Gənclər Klubunun təşkilatçılığı ilə “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə VII Çağırış Kubokunun final mərhələsinə yekun vurulub.
“Nə? Harada? Nə zaman?” oyunu üzrə VII Çağırış Kuboku keçirilib (FOTO)

Bakı. Trend:

Gənclər Fondunun maliyyə dəstəyi və Xəzər İntellektual Gənclər Klubunun təşkilatçılığı ilə “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə VII Çağırış Kubokunun final mərhələsinə yekun vurulub.

Trend-in məlumatına görə, “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə VII Çağırış Kubokunun finalı 4 dekabrda Fairmont Hotel Baku-da keçirilib.

Rəsmi hissə Azərbaycan Prezident Administrasiyası Gənclər Təşkilatları ilə iş üzrə sektor müdiri Vüsal Quliyevin çıxışı ilə başlayıb. V.Quliyev intellektual oyunların gənclərin asudə vaxtının təşkilində və onların inkişafında önəmli rolunu vurğulayaraq belə yarışların ənənəvi hal almasının vacbiliyini qeyd edib.

O, Xəzər İntellektual Gənclər Klubunu yaradılmasının 15 illik yubileyi ilə əlaqədar olaraq təbrik etdi və intellektual oyunlar hərəkatının ölkədə insan kapitalının formalaşdırılmasında əvəzsiz rolunu önə çəkib. Daha sonra Azərbaycan Gənclər Fondunun aparat rəhbəri Faiq Qürbətov çıxış edərək intellektual oyunların təşkilinin Fondun prioritet layihələri arasında olduğunu deyib. O, gələcəkdə də intellektual istiqamətli layihələrin dəstəklənəcəyini söyləyərək həm gənclər təşkilatlarının, həm də fiziki şəxslərin Fonda layihələr təqdim etmək imkanlarının olduğunu vurğulayıb.

Rəsmi hissə bitdikdən sonra final oyunu başlayıb. Final oyununa seçim turlarında ən yaxşı nəticə göstərən, Azərbaycanın 15 regionu və Bakını təmsil edən 70 komanda vəsiqə qazanmışdı. Final mərhələsi çərçivəsində 3 kubok uğrunda mübarizə gedib. Regionlardan gələn və məktəblilərdən ibarət olan komandaları həvəsləndirmək üçün onlar üçün ayrıca Regionlar Kuboku və Məktəbli Kuboku təsis olunmuşdu.

Turnirin “Nə? Harada? Nə zaman?” mərhələsi Babək Qasımzadənin baş redaktoruluğu ilə tərtib edilmiş 60 sualdan ibarət olub. Dörd turdan ibarət olan yarışın Məktəbli Kubokunda “5+1” komandası üçüncü, “Onside” komandası ikinci, “Oliqarx” komandası isə birinci yeri tutdu. Regionlar Kubokunda Mingəçevirin “CHE” komandası üçüncü, İmişlinin eyni adlı komandası ikinci yerə sahib olub. Regionlar Kubokunu isə iki il ardıcıl olaraq Gəncə komandası qazanıb. VII Çağırış Kubokunun əsas sıralamasında isə bürünc medallar “Diplomat” komandasına nəsib olub. Sonuncu suala qədər davam edən birinci yer uğrunda mübarizədə “Jagermeyster” komandası ikinciliklə kifayətlənib. “Vendetta” komandası isə VII Çağırış Kubokuna yiyələnib. “Nə? Harada? Nə zaman?” mərhələsinin yekununda təşkil olunan Breyn-Rinq turnirində əsas mərhələdə heç kəsə şans verməyən “Vendetta” yenə qalib olub. Bu dəfə ikinci yerə “Diplomat”, üçüncü yerə isə “Interpreters United” komandaları sahib olublar. Qaliblər kubok, medal, diplom və hədiyyələrlə mükafatlandırılıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti