...

763 İkinci Dünya müharibəsi iştirakçısına birdəfəlik maddi yardım verilib

Cəmiyyət Materials 8 May 2017 18:03 (UTC +04:00)
Azərbaycanda İkinci Dünya müharibəsi iştirakçıları etibarlı sosial müdafiə sistemi ilə əhatə olunublar
763 İkinci Dünya müharibəsi iştirakçısına birdəfəlik maddi yardım verilib

Bakı. Trend:

1941-1945-ci illərdə İkinci Dünya müharibəsində alman faşizmi üzərində Qələbənin əldə olunmasında yaxından iştirak edərək, müstəsna xidmətləri ilə seçilən Azərbaycan bu gün eyni zamanda bu müharibənin iştirakçılarının etibarlı sosial müdafiəsinin təmin olunması istiqamətində fəal dövlət siyasətinə malikdir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, ölkəmiz dövlət müstəqilliyini bərpa etdikdən sonra ilk vaxtlarda bu təbəqədən olan insanlara biganə münasibət özünü göstərsə də, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1993-cü ildə xalqımızın iradəsi ilə yenidən respublika qayıdışından sonra bu ədalətsiz yanaşmaya son qoyulub. İkinci Dünya müharibəsi iştirakçılarını cəmiyyətimizin ən hörmətli insanları kimi dəyərləndirən Ulu öndərimiz 9 May - Qələbə gününün yenidən dövlət bayramları sırasına daxil edilməsini, həmin müharibənin iştirakçılarının sosial müdafiəsi sahəsində mühüm addımların atılmasını təmin edib. 1994-cü ildə “Veteranlar haqqında” Qanun qəbul olunmaqla, İkinci Dünya müharibəsi iştirakçılarına dövlət qayğısının ildən-ilə artırılması istiqamətində müvafiq işlər aparılıb.

2003-cü ildən etibarən Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən bu siyasət uğurla davam etdirilməklə, İkinci Dünya müharibəsi iştirakçılarına qayğı daha da artırılıb. Dövlət başçısının müvafiq Fərmanı ilə 2008-ci ilin 01 sentyabrından müharibə əlillərinə, o cümlədən İkinci Dünya müharibəsi əlillərinə Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdünün təyin olunaraq ödənilməsinə başlanılıb. Ötən dövrdə bu təqaüdlərin məbləği orta hesabla 2 dəfədən çox artırılaraq, I qrup əlillər üçün 165 manata, II qrup əlillər üçün 143 manata, III qrup əlillər üçün 110 manata çatdırılıb. Müharibə iştirakçılarından hazırda 431 nəfəri müharibə əlili kimi, 332 nəfəri isə müharibə iştirakçısı kimi Prezident təqaüdü alır. Həmçinin İkinci Dünya müharibəsi iştirakçıları, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə də aylıq 110 manat məbləğində olmaqla Azərbaycan Prezidentinin təqaüdləri verilir.

Bu sosial təminat növü ilə bərabər, İkinci Dünya müharibəsi əlilləri və iştirakçıları əmək pensiyaları ilə təmin olunurlar və onların yaşa görə əmək pensiyalarının baza hissəsinin üzərinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada əlavələr də hesablanıb. Ötən dövrdə digər müharibə əlilləri ilə yanaşı, 102 nəfər İkinci Dünya müharibəsi əlilinin mənzillə, bu təbəqədən olan 1117 nəfərin minik avtomobili ilə təminatı həyata keçirilib. Həmin vətəndaşların dövlət hesabına bərpa-müalicə xidməti, sanator-kurort putyovkaları və s. ilə təminatı sahəsində də məqsədyönlü işlər görülür. Eyni zamanda sosial xidmətlərə ehtiyac duyan 32 nəfər İkinci Dünya müharibəsi iştirakçısına müraciətlərinə uyğun olaraq, sosial işçilər tərəfindən evlərində sosial xidmətlər göstərilir.

Hər il 9 May - Qələbə günü ərəfəsində Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən İkinci Dünya müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardımların verilməsi barədə sərəncamların imzalanması da həmin insanlara yüksək diqqət və qayğıdan xəbər verir. Bu il də qeyd olunan şəxslərə birdəfəlik yardım verilməsi barədə dövlət başçısı tərəfindən 24 aprel 2017-ci il tarixli Sərəncam imzalanıb və bu məqsədlə Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 7,2 milyon manat vəsait ayrılıb.

Sərəncamın icrası olaraq, ümumilikdə 13 312 nəfər şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birdəfəlik maddi yardımlarla təmin olunub. Onlardan 1941-1945-ci illər İkinci Dünya müharibəsi iştirakçıları olan 763 nəfərin hər birinə 1000 manat məbləğində birdəfəlik maddi yardım verilib. Qalan 12 549 nəfər isə bu müharibədə həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadları, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslər, həmin müharibə illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçiləri, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslər, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarıdır ki, onların da hər birinə 500 manat məbləğində birdəfəlik maddi yardım ödənilib.

Həmin insanlara yönələn birdəfəlik yardımların məbləğində vaxtaşırı olaraq artımlar edilir. Bu istiqamətdə növbəti addım kimi, 2016-cı ildən etibarən bu maddi yardımların məbləği 25 faiz artırılıb və müvafiq olaraq 800 manatdan 1000 manata və 400 manatdan 500 manata çatdırılıb. Ümumilikdə Azərbaycan MDB-yə üzv ölkələr arasında hər il Qələbə günü ərəfəsində İkinci Dünya müharibəsi iştirakçılarına ən yüksək məbləğdə birdəfəlik maddi yardımın verildiyi ölkədir.

Qeyd olunanlar ölkəmizdə İkinci Dünya müharibəsi iştirakçılarının və digər müvafiq şəxslərin daim dövlət qayğısı ilə əhatə olunduqlarını göstərir. Bu qayğıya layiqli cavab olaraq, İkinci Dünya müharibəsi iştirakçıları da respublikamızın inkişafı proseslərində, xüsusən də gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində fəal iştirak edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti