...

Azad Rəhimov: Səyyar kitabxanalarla bağlı YENİ LAYİHƏ hazırlanır

Cəmiyyət Materials 11 İyul 2017 13:06 (UTC +04:00)
Azərbaycanın regionlarında kitablara böyük maraq var.
Azad Rəhimov: Səyyar kitabxanalarla bağlı YENİ LAYİHƏ hazırlanır

Bakı. Samir Əli -Trend:

Azərbaycanın regionlarında kitablara böyük maraq var.

Trend-in məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında gənclər və idman naziri Azad Rəhimov deyib.

A.Rəhimov bildirib ki, Gənclər və İdman Nazirliyinin səyyar kitabxanası növbəti il yenidən bölgələrə yola düşür: “Bu Gənclər və İdman Nazirliyinin və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşəbbüsü ilə həyata keçiriliən layihədir. İlk ildən layihənin uğurlu olduğunu gördük. Səyyar kitabxana getdiyi bütün rayon mərkəzlərində çox böyük maraqla qarşılanıb. Bizdə olan təhlillərə əsasən, artıq səyyar kitabxana ilə bağlı 15 minə qədər müraciət var. Müraciətlər ingilis, rus və Azərbaycan dillərində olan kitablarla bağlıdır”.

A.Rəhimov qeyd edib ki, hazırda səyyar kitabxanada 5 minə yaxın kitab var: “Kitabxanada 10 minə yaxın kitabın elektron versiyası var. Oxucular elektron versiyaları yaddaş kartı vasitəsi ilə köçürüb, götürə bilər. Kitabxanada həmçinin dərsliklər də var, ali təhsil müəssisələrinə hazırlaşan abituriyentlər səyyar kitabxanadan onları əldə edə bilər”.

A.Rəhimov hazırda səyyar kitabxana ilə bağlı yeni layihənin hazırlandığını bildirib. Onun sözlərinə görə, yeni layihəyə əsasən oxucu səyyar kitabxanaya gəlmədən də həmin kitabları xüsusi rabitə vasitəsilə evində oxuya bilər: “Bu il Balakən rayonunun Azərbaycanın gənclər paytaxtı elan olunduğuna görə, ilk olaraq səyyar kitabxana həmin rayona göndərilib. Son 5-6 ildə səyyar kitabxana bir çox regionlarda olub. Səyyar kitabxana hər rayonda 15-16 gün fəaliyyət göstərir. Bəzi hallarda rayonun böyük kəndlərində də olur”.

Nazir bildirib ki, rəhbərlik etdiyi qurum nəşriyyatlara müraciət edib: "Müraciətdə məqsədimiz səyyar kitabxanalara verilən kitabları gənclərə hədiyyə etməkdir. Yəni, gənclər kitabları alıb oxuyub qaytarmasınlar, həm də özlərində saxlaya bilsinlər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti