...

Sabirabad və İmişlidə Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə ev verilib (FOTO)

Cəmiyyət Materials 16 Avqust 2017 14:21 (UTC +04:00)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Sabirabad və İmişli rayonlarında yeni fərdi yaşayış evlərini Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə təqdim edib
Sabirabad və İmişlidə Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə ev verilib (FOTO)

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Sabirabad və İmişli rayonlarında inşa etdirilmiş 5 ədəd yeni fərdi yaşayış evi Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə təqdim edilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, evlərin istifadəyə verilməsi tədbirlərində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun, həmin rayonların İcra Hakimiyyətlərinin və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Tədbirlərdə Azərbaycan Prezidenti İlham Əliyevin Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə xüsusi diqqət və qayğısı nəticəsində bu təbəqələrdən olan vətəndaşların etibarlı sosial müdafiə sistemi ilə əhatə edildikləri vurğulanıb. Qeyd olunub ki, Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması, müasir tələblərə uyğun yeni mənzillərlə təmin edilmələri istiqamətində də məqsədyönlü işlər görülür. Azərbaycan Prezidentinin 2014-cü il 20 iyun tarixli Sərəncamının icrası işlərinin davamı olaraq, son iki ildə və cari ilin ötən dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 603 nəfər Qarabağ müharibəsi əlili və şəhid ailəsi yeni mənzillərlə təmin olunub. O cümlədən cari ildə nazirlik Şəmkir, Tərtər, Salyan, Astara, Füzuli, Zaqatala, Qazax, Sabirabad, İmişli və digər rayonlarda yeni fərdi yaşayış evlərini Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə təqdim edib.

Hazırda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün yeni çoxmənzilli və fərdi yaşayış binalarının inşası, eyni zamanda hazır yaşayış binalarından mənzillərin alınaraq təmir olunması işləri davam etdirilir.

Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin maddi təminatlarının artırılması də daim diqqətdə saxlanır. Belə ki, Qarabağ müharibəsi əlilləri aylıq əmək pensiyası və ya sosial müavinətlə, həmçinin bu təbəqədən olan vətəndaşlar və şəhid ailələri Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdü ilə təmin edilirlər. Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin uşaqlarına, əmək pensiyası almayan şəhid ailəsi üzvlərinə aylıq sosial müavinət ödənilir.

Yeni fərdi yaşayış evləri ilə təmin olunan Qarabağ müharibəsi əlilləri və şəhid ailələri sosial təminatlarının mütəmadi olaraq artırılması yönündə həyata keçirilən tədbirlərdən razı qaldıqlarını vurğulayıblar.

Daha sonra tədbirlərin iştirakçıları yeni fərdi yaşayış evlərinə baxış keçiriblər. İstifadəyə verilən evlərin hər birində müasir tələblərə uyğun yaşayış şəraiti yaradılıb.

Qeyd edək ki, evlərdən 3 ədədi Sabirabad rayonunda Qarabağ müharibəsi əlillərinə, 2 ədədi isə İmişli rayonunda şəhid ailələrinə təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti