Bakı. Trend:
Azərbaycanın Tacikistandakı səfiri Həsən Məmmədzadə ilə bu ölkənin səhiyyə və əhalinin sosial müdafiəsi naziri Olimzoda Nasim arasında görüş keçirilib.
Səfirlikdən Trend-ə verilən məlumata görə, Azərbaycan ilə Tacikistan arasında əlaqələrin yüksək səviyyədə olduğu vurğulanan görüşdə ölkələrimiz arasında səhiyyə və əhalinin sosial müdafiəsi sahəsində əməkdaşlığın müxtəlif spektirləri müzakirə olunub.
Tacikistanlı nazir Azərbaycanın son illərdə tibb sahəsində əldə etdiyi uğurlar, xəstəxana və diaqnostika mərkəzlərinin tikildiyi, həmin tibb ocaqlarının ən yeni tibbi avadanlıqlarla təchiz olunduğu haqqında məlumatlı olduğunu bildirib. Azərbaycanın səhiyyə və əhalinin sosial müdafiəsi sahəsində əldə etdiyi təcrübənin öyrənilməsinə Tacikistan tərəfinin xüsusi əhəmiyyət verdiyi qeyd olunan görüşdə ölkəsinin bir çox aparıcı sahələrinin mütəxəssislərinin məhz Azərbaycanın təcrübəsindən yararlanmaqda maraqlı olduğunu qeyd edib.
Azərbaycanın dost Tacikistanla bütün sahələrdə əməkdaşlığa hazır olduğunu vurğuluyan səfir H.Məmmədzadə ölkəmizin səhiyyə sahəsində əldə etdiyi nailiyyətlər barədə görüş iştirakçılarına ətraflı məlumat verərək, Tacikistan tərəfinin maraq göstərdiyi sahələrdə - kardiologiya, oftalmologiya, neyrocərrahlıq sahəsində əldə edilmiş təcrübələrin bölüşdürülməsinin hər iki xalqın mənafeyinə xidmət edəcəyi vurğulanıb.
Qarşılıqlı səfərlərin əhəmiyyəti qeyd olunan görüşdə Tacikistan tərəfi Azərbaycanda səhiyyə və əhalinin sosial müdafiəsi ilə əlaqədar keçirilən müxtəlif konfrans, simpozium və elmi-praktiki tədbirlərdə iştirak etməkdə maraqlı olduqlarını, bununla əlaqədar müvafiq qurumlar arasında birbaşa əlaqələrin yaradılmasının vacibliyi qeyd edilib.
Görüşdə hər iki tərəf ölkələrimiz arasında səhiyyə və əhalinin sosial müdafiəsi sahəsində imzalanmış müqavilələrə əsasən əməkdaşlığı davam etdirmək və mümkün olan geniş imkanlardan faydalanmaq məqsədilə daimi əlaqədə saxlanılmasının vacibliyi qeyd olunub.