Bakı. İlhamə İsabalayeva – Trend:
Azərbaycanda interaktiv turizm növünə həm yerli, həm də xarici turistlər maraq göstəririlər.
Qala Dövlət Tarix Etnoqrafiya qoruğunun direktoru Məlahət Fərəcova Trend-ə bildirib ki, hazırda interaktiv turlar xalçaçılıq, dulusçuluq, nalbənd, mətbəxdə yuxa yayma üzrə təşkil edilir.
İnteraktiv turların daha çox əvvəldən sifariş edildiyini deyən M.Fərəcova əlavə edib ki, bu turlar zamanı qoruğu ziyarət edən turistlərə ustadlar tərəfindən Azərbaycanın qədim sənətkarlığının sirləri öyrədilir:
"Məsələn, dulusçu yanına gedən turist orada saxsıdan nəsə düzəldir, xalçaçının yanına gedən turistə xalça toxumaq öyrədilir. Mətbəxə gedən turist ustanın köməyi ilə mətbəxdə lavaş yayır və onu saç üzərində bişirir. Dəmirçi yanına gedən turistə qədim vaxtlarda dəmirin necə döyüldüyü göstərilir".
Hazırda qoruqda 1 ödənişsiz – "Tullantılardan sənətə doğru" və 3 ödənişli muzeyin – açıq səma altında etnoqrafiya, antik əşyalar muzeyi və Qala qəsrinin fəaliyyət göstərdiyini deyən M.Fərəcova bildirib ki, muzeylərə interaktiv turlar olmadan da, yəni adi qaydada da gəlmək mümkündür. Bu halda 1 muzeyə giriş adi vətəndaşlar üçün 2 , xarici vətəndaşlar üçün 4 manat, məktəblilər üçün 20 qəpik olur. İnteraktiv turlar zamanı isə qiymətlər daha yüksək olur. Bu turlar zamanı qrupda 10 nəfərdən az olmamaq şərtilə 1 nəfər Azərbaycan vətəndaşı üçün turun qiyməti 10, məktəbli üçün 8, xarici vətəndaş üçün 15 manat olur. Bu qiymətə etnoqrafiya muzeyi və Qala qəsrinə giriş, bələdçi xidməti, 4 emalatxanaya (xalçaçılıq, dulusçuluq, nalbənd və mətbəx) ekskursiya daxildir.
M.Fərəcova bildirib ki, "Qala"ya gələn əcnəbi turistlər daha çox dulusçuluq və yayma sənəti ilə maraqlanırlar. Çin turistləri isə xalçaçılığa daha çox maraq göstərirlər.
Ümumilikdə, qoruğu ziyarət edənlərin sayının getikdcə artdığını deyən M.Fərəcova qeyd edib ki, qoruğa gələn turistlər yeni interaktiv turizm xidmətlərinin yaradılmasını da təklif edirlər. Hazırda yeni interaktiv turların hazırlanması üzərində iş aparılır.