...

Nizami rayonunda akademik Zərifə Əliyevanın xatirəsi anılıb (FOTO)

Cəmiyyət Materials 26 Aprel 2018 11:57 (UTC +04:00)
Nizami rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 95-ci ildönümü ilə bağlı tədbir keçirilib.
Nizami rayonunda akademik Zərifə Əliyevanın xatirəsi anılıb (FOTO)

Bakı. Trend:

Nizami rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 95-ci ildönümü ilə bağlı tədbir keçirilib.

Nizami rayon İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, tədbirdə akademik Zərifə xanım Əliyevanın həyat və fəaliyyətinə həsr olunmuş film nümayiş etdirilib.

Sonra çıxış edən YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib ki, akademik Zərifə Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri olub. Ömrünü insanların sağlamlığının qorunmasına həsr etmiş Zərifə xanımın xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq.

Tədbirdə çıxış edən Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı akademik Zərifə xanım Əliyevanın oftalmologiya elmi sahəsində fəaliyyətindən danışıb. Qeyd edib ki, Zərifə xanım Əliyeva respublikamızda tibb elminin inkişafına mühüm töhfələr verib. O, oftalmologiyanın aktual problemlərinə dair sanballı tədqiqatları ilə nəinki keçmiş SSRİ məkanında, həmçinin dünya miqyasında şöhrət qazanıb. Onun elmi-pedaqoji və ictimai fəaliyyəti həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərib. Bildirib ki, oftalmologiya sahəsində ilk azərbaycanlı akademik Zərifə xanım Əliyeva Sovet Sülhü Müdafiə Komitəsinin, Azərbaycan “Bilik” Cəmiyyətinin və Ümumittifaq Oftalmoloqlar Elmi Cəmiyyəti Rəyasət Heyətinin üzvü olub.

Çıxış edən Milli Məclisin deputatı Dilarə Cəbrayılova vurğulayıb ki, görkəmli alim hər zaman öz qayğıkeşliyi və səmimiyyəti ilə insanların rəğbətini, ehtiramını qazanıb. Deputat Zərifə xanım Əliyevanın incə və zərif ruhlu xanım, mehriban ana, qayğıkeş həkim kimi nəcib və xeyirxah keyfiyyətlərindən söhbət açıb.

Nizami rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov deyib ki, görkəmli alim bütün ömrünü ölkəmizdə oftalmologiya sahəsinin inkişafına, peşə ilə əlaqədar sonradan əmələ gələn göz xəstəliklərinin müalicəsinə həsr edib. Gözdə traxoma xəstəliyinin müalicəsinə, oftalmologiyanın müasir problemlərinə dair bir çox tədqiqatlar aparan görkəmli oftalmoloq alim 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir. Yüksək ixtisaslı səhiyyə kadrları hazırlanmasında böyük xidmətləri olmuş Zərifə xanımın elmi fəaliyyəti bütünlükdə ölkənin tibb sahəsi üçün mühüm töhfələr verib.

Tədbirin digər çıxışçıları da akademikin zəngin həyat yolundan, elmi, pedaqoji və həkimlik fəaliyyətindən danışıblar. Bildirilib ki, insanlara nur bəxş etmək missiyası, qayğıkeşliyi, nəcibliyi ilə könüllərdə özünə əbədi yer qazanmış Zərifə xanım Əliyeva tibb sahəsində əldə etdiyi uğurlarla, fərdi keyfiyyətləri ilə ailəsinin və vətəninin adını ucaldıb. Çıxışlarda akademik Zərifə xanım Əliyevanın xatirəsinin xalqımızın yaddaşından heç vaxt silinməyəcəyi vurğulanıb.

Sonda Nizami rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin tələbəsi Zərifə xanım Əliyevanın xatirəsinə həsr olunmuş şeir səsləndirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti