Bakı. Ənvər Məmmədov - Trend:
Mingəçevir İES-də baş vermiş qəza Heydər Əliyev adına Beynəlxalq Hava Limanının işinə təsir etməyib. Bunu Trend-ə AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski deyib.
Mətbuat xidməti rəhbərinin sözlərinə görə, aeroport bütün gecə adi rejimdə fəaliyyətini davam etdirib.
P.Kəsəmənski deyib: "Qəza aeroportun işinə təsir etməyib. Hadisə baş verən an dərhal qəza generatorları işə düşüb. Bütün gecə aeroport adi iş rejimində fasiləsiz işləyib".
Qeyd edək ki, iyulun 2-dən 3-nə keçən gecə hava şəraitinin kəskin dərəcədə dəyişməsi, temperaturun yüksək həddə çatması nəticəsində əhalinin elektrik enerjisindən həddən artıq istifadə etməsi ilə əlaqədar Mingəçevir İstilik Elektrik Stansiyasının (İES) yarımstansiyasında cərəyan transformatoru sıradan çıxıb və nəticədə Bakının, eləcə də ölkənin əksər rayonlarında elektrik enerjisinin verilişi dayanmışdı.