Bakı. Ceyhun Ələkbərov, İlhamə İsabalayeva – Trend:
Azərbaycanda keçirilən Robot Olimpiadasında iştirakçıların sayının iki dəfədən çox artması onu göstərir ki, gənclərin robot texnologiyasına marağı artıb.
Trend-in məlumatına görə, bunu gənclər və idman nazirinin müavini İntiqam Babayev deyib.
Onun sözlərinə görə, Azərbaycanda bu gün keçirilən II Robot Olimpiadasının məqsədi gənclərin robot texnologiyalara marağın artırılması, bu sahədəki bacarıqlarına dəstək verməkdir:
“Olimpiadada iştirak edən komanda tapşırıqlarla müəyyən robot qurğusu hazırlayır, onun idarəolunmasını təmin edir. Düşünürəm ki, bu, gənclərin yaradıcılıq təfəkkürünün inkişaf etməsinə dəstək verir. Məni sevindirən odur ki, keçənilki 1-ci yarışmada 11 tədris müəssisəsi və 20-dən artıq komanda iştirak etdiyi halda, builki yarışmada 20-dən çox tədris müəssisəsi və 50-ə yaxın komanda iştirak edir".
Qeyd edək ki, Bakı İdman Sarayında (Azneft dairəsi) Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Robototexnika Mühəndisliyi Akademiyası və “Gənclərin Təhsil, Təlim, Peşə və İnkişaf Mərkəzi” İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycanda II Robot Olimpiadası keçirilir.
8-19 yaşlı yeniyetmə və gəncləri əhatə edən yarışlarda 20 təhsil müəssisəsindən 54 komanda iştirak edir. Yarışlar 4 kateqoriya üzrə keçirilir və yekunda qalib komandalar 16-18 noyabr 2018-ci il tarixlərdə Tailand Krallığında keçiriləcək Dünya Robot Olimpiadasında iştirak hüququ qazanacaq.
Dünyanın ən böyük robototexnika yarışması olan Dünya Robot Olimpiadası 2004-cü ildən etibarən hər il müxtəlif mövzular üzrə fərqli ölkələrdə keçirilir. İlk dəfə Sinqapurda keçirilmiş bu Olimpiadada 12 ölkə iştirak etsə də, artıq bu say 70-i keçib.
FOTO - Ceyhun Ələkbərov