Bakı. Trend:
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Gənclər Forumuna bağlı sosial şəbəkə hesablarında yayılan məlumata əsasən, Forumun təsisçisi, Baş katib və 2014-cü ildən bu beynəlxalq təşkilatın sədri vəzifəsində çalışan səfir Elşad İskəndərov İƏT-ə üzv ölkə və qurumların yüksək fərqlənmə nişanları ilə təltif edilib.
Qurumun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, təşkilatın qurulması və inkişafındakı xidmətlərinə, eləcə də İƏT ölkələri gənclərinin inkişafı və həmrəyliyinin gücləndirilməsi sahəsində uğurlu fəaliyyətinə görə və sədrlik müddətinin bitməsi ilə əlaqədar azərbaycanlı diplomat Qətərin “Mədəniyyətlərin inkişafında xidmətinə görə Şeyx Təmim medalı”, İSESKO-nun fərqlənmə medalı, İndoneziya, Fələstin və İran hökumətlərinin təşəkkürnamə diplomu, Tatarıstanın fəxri diplomu, bir sıra qurumların qiymətli hədiyyələri ilə təltif edilib.
Bununla əlaqədar, qardaş ölkə və qurumlara öz facebook səhifəsində minnətdarlığını bildirən səfir Forumun inkişafına verdiyi dəstəyə görə Azərbaycan dövlət başçısına öz təşəkkürünü ifadə edib: “Bu illər ərzində Forumun təşkil olunmasına, Azərbaycan nümayəndəsi kimi Forumun rəhbərliyindəki fəaliyyətlərimə verdiyi dəstək və göstərdiyi qayğı üçün Prezident İlham Əliyevə dərin təşəkkürümü bildiririəm. Eyni zamanda Forumun dünyada Azərbaycan həqiqətlərini təbliğ edən və mədəniyyətlərarası dialoqu tərənnüm edən mühüm layihələrinə dəstəyinə görə Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevaya bütün İƏT Gənclər Forumu adından minnətdarlıq ifadə etmək istərdim”.
E.İskəndərov eyni zamanda 14 il ərzində Forumun İƏT məkanında mədəniyyətlərarası dialoq sahəsində fəaliyyəti ilə bağlı nüfuzlu və etibarlı tərəfdaş kimi tanındığını bildirib.
Qeyd etmək lazımdır ki, Dialoq və Əməkdaşlıq uğrunda İƏT Gənclər Forumu 1-3 dekabr 2004-cü ildə Bakıda Azərbaycanın təşəbbüsü ilə qurumun ilk Baş Assambleyasında təsis edilib. Bu illər ərzində Forum İƏT gənclik paytaxtları, İƏT modeli, İƏT Gənc İş Adamları Şəbəkəsi, "Xocalıya Ədalət" kampaniyası kimi mühüm və səmərəli layihələrin təşəbbüskarı və icraçısı olub. Bu il İstanbulda keçirilən 3-cü Baş Assambleyaya yeni idarə heyətinin seçilməsi ilə yanaşı, Avrasiya ölkələrindəki fəaliyyəti əlaqələndirən Bakı regional ofisinin səlahiyyətləri də xeyli genişləndiriib.