Bakı. İlhamə İsabalayeva – Trend:
Bakıda avtobuslarda salonu isitmə və sərinləşdirmə funksiyalı tam havalandırma sisteminin, nağdsız ödənişlərin aparılması üçün avadanlıqlarının, sürəti məhdudlaşdırmağa imkan verən qurğunun və aptek qutusunun olması məcburiləşdirilir.
Trend-in məlumatına görə, bu, “Bakı şəhərində sərnişindaşımada istifadə olunan avtobuslara və taksi minik avtomobillərinə, onların sürücülərinə, sərnişindaşıma fəaliyyətini həyata keçirən daşıyıcılara, nəqliyyat mübadilə mərkəzlərinə, avtobuslar üçün dayanacaq məntəqələrinə və taksi minik avtomobilləri üçün duracaq yerlərinə dair Tələblər”də öz əksini tapıb.
Tələblərə əsasən, Bakı şəhərinin inzibati ərazisində müntəzəm şəhərdaxili (qəsəbədaxili) sərnişin daşımalarını yerinə yetirən avtobuslar salonu isitmə və sərinləşdirmə funksiyalı tam havalandırma sistemi, sağlamlıq imkanları məhdud şəxslər üçün arabaların və uşaq arabalarının girişi və çıxışı üçün mexanizm, nağdsız ödənişin aparılmasına imkan verən avadanlıq (qurğu), maksimal sürəti məhdudlaşdırmağa imkan verən qurğu, bütün salonu əhatə edən daxili və dörd tərəfdən xarici nəzarətə imkan verən və qeydə aldığı məlumatları ən azı 15 gün saxlaya bilən yaddaş qurğusu ilə təchiz edilmiş videokameralar, avtobusların hərəkətini izləmək üçün nəzərdə tutulmuş və Bakı Nəqliyyat Agentliyinin müəyyən etdiyi mərkəzi sistemə inteqrasiya olunmuş Qlobal Mövqetəyinetmə Sistemi (GPS) qurğusu ilə təchiz edilməlidirlər.
Avtobusda sərnişinlərə səsli məlumatları çatdırmaq, o cümlədən dayanacaq məntəqələrini bildirmək üçün istifadə olunan audioqurğu, sərnişin qapıları açıq olduqda, ayaqaltını işıqlandıran işıq cihazı, qapıları açıq vəziyyətdə hərəkətə başlamanı məhdudlaşdıran qurğu və ya xüsusi səs siqnalı, sərnişinlərlə sürücünün fiziki təmasını istisna edən şəffaf kabinə, ayaq üstə dayanan sərnişinlərin sayına uyğun olan dayanıqlı əl tutacaqları, dərman qutusu, hər birinin tutumu minimum 4 kq-lıq olan və 1 ədədi sürücü olan hissədə, digəri isə salonda yerləşdirilməklə 2 ədəd odsöndürən, qəza çıxış yeri pəncərəsinin şüşəsinin sındırılması üçün çəkic, diyirlənməyə qarşı dayaq olmalıdır.
Avtobusların salon şüşələrinə pərdə və başqa bu tipli örtüklər çəkilməsi qadağan edilir.