...

“Gənclər bizim bu günümüz, həm də sabahımızdır” mövzusunda tədbir keçirilib (FOTO)

Cəmiyyət Materials 15 Mart 2019 02:53 (UTC +04:00)
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının inzibati binasında “Gənclər bizim bu günümüz, həm də sabahımızdır” mövzusunda tədbir keçirilib
“Gənclər bizim bu günümüz, həm də sabahımızdır” mövzusunda tədbir keçirilib (FOTO)

Bakı. Trend:

Respublika Veteranlar Təşkilatının inzibati binasında Gənclər və İdman Nazirliyinin, Ağsaqqallar şurasının nümayəndələrinin, müharibə, əmək və Silahlı Qüvvələr veteranlarının, ziyalıların, gənclər təşkilatının, müəllimlərin, şagirdlərin və media nümayəndələrinin iştirakı ilə “Gənclər bizim bu günümüz, həm də sabahımızdır” mövzusunda tədbir keçirilib.

Tədbirin keçirilməsində məqsəd ölkəmizdə gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi işini gücləndirməkdir.

Tədbiri giriş sözü ilə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov açaraq təşkilatın fəaliyyəti barədə geniş məlumat verib, bu mövzuda keçirilən tədbirlərin ənənəvi hal aldığını diqqətə çatdırıb. O, gənclərmizin vətənpərvərlik ruhunda tərbiyə edilməsində ziyalıların, ağsaqqalların və veteranların bugünkü fəaliyyətini yüksək qiymətləndirib.

C.Xəlilov 1997-ci ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda Gənclər Gününün təsis edildiyini və Ulu Öndərin gənclərə həmişə böyük qayğı, sevgi ilə yanaşıdığını diqqətə çatdırıb. Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin gənclərə yüksək etimad göstərməsini, onların hərtərəfli inkişafı üçün böyük işlər gördüyünü vurğulayıb.

C.Xəlilov gənclərin təhsilə yiyələnməsinin vacibliyini, hər bir sahədə gənclərin üzərinə düşən məsuliyyəti xüsusi qeyd etdi. O, Azərbaycan gəncinin əsl vətənpərvərliyini, Vətən, xalq üçün canından keçməyə daim hazır olduğunu, bunu Aprel döyüşlərində və Naxçıvan əməliyyarlarında sübut etdiklərini diqqətə çatdırdı. C.Xəlilov: “Biz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik. Bizim gənclərimiz torpaq uğrunda, Vətən uğrunda vuruşurlar. Bizim şəhidlərimizin əksəriyyəti gənclərimiz olubdur. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Bizim gənclərimiz hərbi qələbələrimizi şərtləndiriblər. Aprel döyüşləri və ötən il keçirilən uğurlu Naxçıvan əməliyyatı bizim gücümüzü, peşəkarlığımızı göstərdi. Biz bu əməliyyat nəticəsində uzun illər işğal altında qalan torpaqları işğalçılardan azad etdik. O torpaqlarda – Lələtəpə, Füzuli, Cəbrayıl, Ağdərə rayonlarının dağlarında Azərbaycan bayrağını ucaltdıq. Bu, böyük tarixi qələbədir”.

Gənclər və İdman nazirinin müavini İntiqam Babayev də öz növbəsində bu cür tədbirlərin əhəmiyyətindən danışdı. İ.Babayev veteranları canlı tariximiz adlandırıb, gənclərimizi onlardan örnək götürməyə səslədi. O, Respublikamızın bugünkü inkişafına, hər bir sahədə əldə etdiyi nailiyyətlərə nəzər saldı. İ.Babayev: “Bu gün veteran, ağsaqqal adlandırdığımız insanlar vətənimizi göz bəbəyi kimi qoruyub, azadlığımız, müstəqilliyimiz üçün çalışıblar. Onların davamçıları - Prezident İlham Əliyevin ətrafında sıx birləşən - siz gənclərin amalı azərbaycanlı adını şərəflə daşımaq, Vətənin tarixini, mədəniyyətini yaşatmaq, Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini, müstəqilliyini qorumaqdır. Bu gün iftixarla qeyd edə bilərik ki, gənclərimiz Ulu öndər Heydər Əliyevin Azərbaycançılıq ideologiyasına sadiqdirlər, veteranların təcrübəsindən bəhrələnir, təhsilə, elmə yiyələnirlər. Hər bir sahədə Azərbaycanın bayrağını qürurla dalğalandırırlar”.

Respublika Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov Azərbaycan xalqının tolerantlıq ənənələrindən, Dağlıq Qarabağ münaqişəsinin tarixindən və mənfur erməni xislətinin xalqımızın başına gətirdiyi fəlakətlərdən söhbət açdı. Bu günümüzün və gələcəyimizin əmin əllərdə olması üçün B.Yusifov gənclərin üzərinə böyük məsuliyyət düşdüyünü bildirdi.

Digər çıxış edənlər II dünya müharibəsi veteranı İsmayıl Fərəcov, ehtiyatda olan polkovniklər Adil Haqverdiyev və Elşad Şabanov Respublikada həyata keçirilən gənclər siyasətindən, gənclərin ölkə həyatındakı yeri və rolundan, vətənpərvər gəncliyin üzərinə düşən məsuliyyətdən danışdılar.

Tədbirdə mövzu ətrafında fikir mübadiləsi aparılıb, gəncləri maraqlandıran suallar cavablandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti