...

Azərbaycan Dillər Universitetində “Məzun günü” keçirilib (FOTO)

Cəmiyyət Materials 28 İyun 2019 19:13 (UTC +04:00)
Azərbaycan Dillər Universitetində (ADU) 2018/2019-cu tədris ilində universitetin bakalavr və magistratura pilləsində təhsillərini başa vuran tələbələrin “Məzun günü” keçirilib.
Azərbaycan Dillər Universitetində “Məzun günü” keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycan Dillər Universitetində (ADU) 2018/2019-cu tədris ilində universitetin bakalavr və magistratura pilləsində təhsillərini başa vuran tələbələrin “Məzun günü” keçirilib.

Universitetdən Trend-ə verilən məlumata görə, tədbirdə ADU-nun rektoru, Xalq yazıçısı, AMEA-nın həqiqi üzvü Kamal Abdulla məzunları təbrik edib, onlara gələcək fəaliyyətlərində böyük uğurlar arzulayıb. Bu gün məzunların həyatlarında ən əziz günlərdən biri olduğunu deyən rektor sevinclə yanaşı, kədər hissinin də olduğunu bildirib:

“Biz də onlar qədər sevinirik. Amma ona kədər də qatılır. Çünki biz məzunlarla artıq vidalaşma mərhələsinə gəlib çatmışıq. Məzunlar hələ bunu hiss etmirlər, sadəcə, sevinirlər. Bir az keçdikdən sonra universitet, müəllimlər, auditoriya üçün darıxacaqlar. Arzu edirəm ki, onların həyat yolu Azərbaycan gəncinə layiq şəkildə davam etsin. Ölkə prezidentinin gənclərə olan inamını məzunlarımız öz həyatlarında reallaşdırsınlar. Azərbaycan Prezidentinin fədakar əməyi hökmən öz gözəl nəticəsini verəcək. Bizim sıralarımız çoxalacaq, vətənini, ailəsini, millətini ürəkdən sevən və ictimai mənafeyi şəxsi mənafedən üstün tutan insanlar həmişə bizim yanımızda olacaqlar. Arzu edirəm ki, məzunlar heç bir çətinliyin qarşısından çəkilməsinlər, vətənlərinin, bayraqlarının, himnlərinin, Prezidentlərinin adını həmişə yüksək tutsunlar və xoşbəxt olsunlar. Universitet sizin üçün darıxacaq, həmişə sizin yolunuzu gözləyəcək. Universitetlə əlaqənizi kəsmirsiniz, əksinə bizim böyük məzunlar ordumuza daxil olursunuz. Harada işləməyinizdən asılı olmayaraq, universitet sizin üçün həmişə doğma yer olmalıdır. Biz universitetin gələcəkdə də çiçəklənməsi, yeni tələbələrimizin sizin kimi xoşbəxt məzun olması üçün əlimizdən gələni edəcəyik. Yolunuz açıq, uğurlu olsun, başınızın üzərində həmişə açıq səma olsun. Siz həmişə bizimlə olacaqsınız, biz də həmişə sizinləyik”.

Valideynlər adından danışan ADU-nun Beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin dekanı İbrahim Kazımbəyli həm universitetin əməkdaşı, həm də valideyn kimi universitet rəhbərliyinə formalaşdırdığı sağlam mühitə görə təşəkkürünü bildirib. O, məzunların universitetin, cəmiyyətin gələcək inkişafında xüsusi rol oynayacaqlarına inandığını söyləyib. İ.Kazımbəyli məzunlara həyatlarında uğurlar və cansağlığı arzulayıb.

Daha sonra universitet rəhbərliyi – Tədris işləri üzrə prorektor, professor Əfqan Abdullayev, Elmi işlər üzrə prorektor, dosent Sevinc Zeynalova, Filologiya və jurnalistika fakültəsinin dekanı professor Şahin Xəlilli, Tərcümə fakültəsinin dekanı Bənövşə Məmmədova məzunlara təbrik çıxışlarını ünvanlayıblar.

Məzunlar çıxış edərək ADU-nun məzunu olduqlarından böyük fəxr hissi yaşadıqlarını, oxuduqları illər ərzində yaşadıqları xatirələrindən söz açıblar. Məzunlar tələbəlik boyu əziyyət çəkən bütün müəllim kollektivinə təşəkkürlərini bildiriblər, məzun olan tələbə yoldaşlarını təbrik edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

Tədbirdə universiteti yüksək göstəricilərlə bitirən məzunlara qırmızı diplomlar, ictimai işlərdə fəal iştirak etmiş və tədris sahəsində müvəffəqiyyət qazanmış tələbələrə “Fəxri məzun” diplomları təqdim olunub.

Tədbir bədii proqramla davam edib, mahnılar səsləndirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti