...

BDU Almaniyanın Berlin Humboldt Universiteti ilə əməkdaşlıq əlaqələrini yeni səviyyədə qurur (FOTO)

Cəmiyyət Materials 18 İyul 2019 10:39 (UTC +04:00)

Bakı. Trend:

Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev Almaniyanın Berlin Humboldt Universitetinin Azərbaycan tarixi kafedrasının müdiri, professor Eva-Mariya Aux, həmin universitetin əməkdaşları Rasim Mirzəyev və Kristian Vilhelm ilə görüşüb.

Trend-in məlumatına görə, BDU-nun aparıcı ali təhsil müəssisəsi kimi elmi tədqiqatlara da böyük töhfələr verən, yüksəkixtisaslı kadrlar hazırlayan müasir elm və təhsil mərkəzi olduğunu bildirən rektor 100 illik yubileyini qeyd etməyə hazırlaşan universitetin yubileyinin beynəlxalq səviyyədə də qeyd edildiyini bildirib.

Rektor E.Babayev Berlin Humboldt Universitetinin Azərbaycan tarixi kafedrasında ölkəmizin tarixi, mədəniyyəti, ədəbiyyatı və dilinin təbliği istiqamətində müxtəlif layihələr həyata keçirildiyi yüksək qiymətləndirib və hər iki universitet arasında əməkdaşlıq əlaqələrinin yeni səviyyədə qurulmasında maraqlı olduğunu bildirib.

Professor Eva-Mariya Aux təmsil etdiyi universitetin Avropanın və Almaniyanın ən nüfuzlu elmi mərkəzlərindən, təhsil ocaqlarından biri olduğunu vurğulayıb. Azərbaycanın Qafqaz regionun ən böyük və inkişaf edən ölkəsi olduğunu deyən professor onu da əlavə edib ki, kafedranın xətti ilə tələbələrə Azərbaycan tarixi barədə maraqlı mühazirələr oxunur, seminarlar keçirilir və ustad dərsləri təşkil edilir.

Görüşdə Erasmus proqramında iştirak, bakalavr, magistr və doktorantura səviyyələrində kadr hazırlığı, yeni əməkdaşlıq əlaqələri, birgə tədbir və seminarların keçirilməsi kimi məsələlər də müzakirə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti