...

Beynəlxalq Gimnastika Federasiyasının Prezidenti: Çempionatı Bakıda açıq elan etməkdən şərəf duyuram

Cəmiyyət Materials 16 Sentyabr 2019 20:20 (UTC +04:00)
Beynəlxalq Gimnastika Federasiyasının Prezidenti Morinari Vatanabe
Beynəlxalq Gimnastika Federasiyasının Prezidenti: Çempionatı Bakıda açıq elan etməkdən şərəf duyuram

Bakı. Trend:

Beynəlxalq Gimnastika Federasiyasının prezidenti olaraq, Sizi burada - Bakıda Bədii Gimnastika üzrə 37-ci Dünya Çempionatında salamlamaqdan məmnunluq duyuram.

Trend-in məlumatına görə, bunu Beynəlxalq Gimnastika Federasiyasının Prezidenti Morinari Vatanabe bədii gimnastika üzrə 37-ci dünya çempionatının açılış mərasimində deyib.

Federasiya prezidentinin sözlərinə görə, bu gündən etibarən 7 gün ərzində dünyanın müxtəlif ölkələrindən olan bədii gimnastlar Tokio-2020 Olimpiya Oyunlarına lisenziya qazanmaq uğrunda mübarizə aparacaqlar:

"Onlar həm də gözəllik üçün yarışacaqlar. Mən inanıram ki, bu, tamaşaçılar üçün gözəl musiqi və əsrarəngiz bədii gimnastika çıxışlarının harmoniyasından həzz almaq üçün böyük bir imkandır.

Azərbaycan Gimnastika Federasiyasına, xüsusilə də federasiyanın prezidenti Mehriban xanım Əliyevaya, Azərbaycan Respublikasının Gənclər və İdman naziri Azad Rəhimova, tədbirin bədii gimnastika üzrə səfiri Yana Batırşinaya, könüllülər və çempionatı bu cür gözəl səviyyədə təşkil etməkdə əməyi olan hər kəsə təşəkkürümü bildirirəm.

Əziz gimnastlar, ümid edirəm ki, siz bədii gimnastikanın gözəlliyi və mükəmməliyini dünyaya nümayiş etdirəcəksiniz. 37-ci Dünya Çempionatını Bakıda açıq elan etməkdən şərəf duyuram!".

Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən dünya çempionatına Azərbaycan 9 gimnastla qatılıb. Fərdi proqram üzrə yarışlarda Zöhrə Ağamirova, Veronika Qudis, Yelizaveta Luzan və Məryəm Səfərova güclərini sınayacaqlar. Qrup hərəkətlərində isə komandamızın heyətində Ayşən Bayramova, Diana Əhmədbəyli, Aliyə Paşayeva, Zeynəb Hümmətova və Darya Sorokina yer alıblar.

Çempionatda fərdi proqramda çoxnövçülük üzrə ilk 16-lıqda yer alan gimnastlar (bir ölkədən maksimum 2 gimnast olmaqla) lisenziya əldə etmiş olacaqlar. Qrup hərəkətləri komandalarına gəldikdə isə, ötən ilin dünya çempionatının nəticələrinə əsasən, Bolqarıstan, Rusiya və İtaliya artıq lisenziyanı təmin ediblər. Çempionatda çoxnövçülük xalları üzrə daha 5 ən yaxşı komanda Olimpiadaya vəsiqə qazanacaq.

61 ölkədən 300-dən artıq gimnast çempionatda 9 dəst medal uğrunda mübarizə aparacaq.

Dünya çempionatı 16-22 sentyabrda keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti