...

Şagirdlər yaşadıqları ərazilər üzrə araşdırma aparacaqlar

Cəmiyyət Materials 20 Noyabr 2019 15:42 (UTC +04:00)
Ümumi təhsil müəssisələrinin şagirdləri arasında “Gəlin tanış olaq!” müsabiqəsi keçiriləcək.
Şagirdlər yaşadıqları ərazilər üzrə araşdırma aparacaqlar

Bakı. İlhamə İsabalayeva - Trend:

Ümumi təhsil müəssisələrinin şagirdləri arasında “Gəlin tanış olaq!” müsabiqəsi keçiriləcək.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Trend-ə verilən məlumata görə, müsabiqə şagirdlərin azərbaycançılıq məfkurəsi əsasında tərbiyə edilməsi, milli-mənəvi dəyərlərə sadiq ruhda və vətəndaşlıq mövqeyini dərk edərək hərtərəfli şəxsiyyət kimi böyüməsini təmin etmək məqsədlərinə xidmət edir. Şagirdlərin yaşadıqları ərazinin quruluşu, spesifikliyi, maddi-mənəvi irsi haqqında biliklərinin formalaşmasına təkan vermək, onlarda araşdırmaq, təhlil aparmaq, əldə etdikləri nəticələri təqdim etmək bacarıqlarını formalaşdmaq, məktəblilərin tariximizə, adət-ənənəmizə olan marağının daha da artırılmasına müsbət təsir etmək də müsabiqənin əsas hədəflərindəndir.

VIII-X sinif şagirdləri arasında keçiriləcək müsabiqə çərçivəsində məktəblilər onlara təqdim olunan mövzular (yaşadıqları ərazinin, qəsəbənin maddi-mənəvi irsi, dəyərləri, etnoqrafiyası, tarixi, mədəniyyət abidələri, elm xadimləri, görkəmli şəxsləri və s.) üzrə araşdırma aparacaq və videoçarx hazırlayacaqlar.

Paytaxtın 12 inzibati rayonu üzrə keçirilməsi nəzərdə tutulan müsabiqə 2 mərhələdən ibarətdir.

Müsabiqənin I (məktəbdaxili) mərhələsi (21 noyabr-9 dekabr) məktəblərdə keçiriləcək və ən yaxşı videoçarx seçiləcək. I mərhələdə hər məktəbdən bir şagirdin ən yaxşı araşdırma işi müəyyənləşdirilərək BŞTİ-yə təqdim olunacaq.

Müsabiqənin final mərhələsində ilk turu uğurla keçən şagirdlərin araşdırma işlərinə Təşkilat Komitəsi tərəfindən baxılacaq. Final mərhələsinin yekununda 9 ümumi təhsil məktəbi müvafiq olaraq I, II, III və həvəsləndirici yerlərə (2 məktəb I, 2 məktəb II, 2 məktəb III və 3 məktəb həvəsləndirici) layiq görüləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti