...

BP beynəlxalq miqyasda tanınmış üç dərsliyin Azərbaycan dilində nəşrini təmin edib

Cəmiyyət Materials 18 Dekabr 2019 18:27 (UTC +04:00)
Azərbaycan universitetlərində tədrisin və təhsilin keyfiyyətinin arıtırılmasına davamlı dəstək
BP beynəlxalq miqyasda tanınmış üç dərsliyin Azərbaycan dilində nəşrini təmin edib

Bakı. Trend:

Bu gün BP idarəetmə, siyasət elmi və keys menecment sahələri üzrə ali təhsil üçün beynəlxalq miqyasda tanınmış üç dərsliyin Azərbaycan dilində nəşrini təqdim edib.

Şirkətdən Trend-ə verilən məlumata görə, bunlar BP-nin Azərbaycan dilində yerli universitetlərə gətirməyi öhdəsinə götürdüyü on beynəlxalq təhsil vəsaitindən ilk üç dərsliyin tərcüməsidir.

Bu üç dərslik beynəlxalq miqyasda ən geniş yayılmış kitablar arasındadır. Onlar yerli universitetlərdən və ekspertlərdən alınmış tövsiyələr əsasında seçilmişdir. Bu kitabların seçilməsində başqa bir mühüm meyar isə bu dərsliklərin aparıcı beynəlxalq universitetlərin proqramlarında icbari təhsil vəsaiti kimi istifadə edilməsidir.

Sözügedən üç kitab aşağıdakılardır:

İdarəetmənin əsasları – müəlliflər: Stiven P. Robbins, Meri Koulter və Devid A. DeSenzo. Bu dərslikdə dərin təcrübəyə söykənən idarəetmə üzrə praktiki vasitələr təqdim edilib. İdarəetmənin əsas konsepsiyalarını əhatə edən bu kitab mühüm problemlərin başa düşülməsi üçün əsaslı bilikləri özündə ehtiva edir və güclü, praktiki istiqamət verməklə menecerlər üçün hansı üsulların müvafiq olub-olmadığı barədə sonuncu araşdırmaları özündə əks etdirir.
Siyasət Elmi: Giriş – müəlliflər: Maykl Rozkin, Robert L. Kord, Ceyms A. Mideyros və Valter S. Cons. Bu kitabda siyasət elminin fundamental prinsiplərinin əsrlər boyunca mühüm liderlərin qərar verməsinə necə yardım etdiyi göstərilib. Müəlliflər nəzəri fikirlər və tətbiqi əsaslandırma arasında balans təqdim edirlər ki, bu da tələbələrin siyasi manipulyasiya üçün necə sakit, rasional seçimlər edilə biləcəyini başa düşməsinə yardım edir.
Keys menecment – müəllif: Artur C. Frankel və Şeldon R. Gelman. Keys menecerlər öz müştəriləri üçün geniş növdə xidmətlər, resurslar və imkanlar üzrə həm ekspert, həm də əlaqələndirici qismində çıxış etməklə əvəzsiz xidmət göstərirlər. Müəlliflər bu kitabda öz geniş praktiki, auditoriya və araşdırma təcrübələrindən istifadə etməklə keys menecment prosesinin mərhələlərini aydın şəkildə bir-birindən fərqləndirir və keys menecerlərin müxtəlif praktiki vəziyyətlərdə yerinə yetirdiyi saysız vəzifələri nəzərdən keçirirlər.

Bu gün üç kitabın təqdimat mərasimində çıxış edən BP-nin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli dedi: “Təhsilə dəstək bizim sosial fəaliyyətlərimizdə həmişə prioritet sahə olub. Biz başa düşürük ki, yerli universitetlərin tələbələri və müəllim heyətinə öz ana dilində dünyanın ən yaxşı akademik kitablarından istifadə edə bilmək imkanının yaradılması mühüm əhəmiyyət kəsb edir. Ötən il biz dünyanın ən yaxşı üç iqtisadiyyat kitabının təqdimatını keçirdik və onlara olan yüksək maraq və tələbat bizi daha da həvəsləndirdi. Nəticədə biz qərara gəldik ki, ən yaxşı beynəlxalq ali təhsil materiallarının Azərbaycana gətirilməsi səylərimizi davam etdirək.

İnanırıq ki, dünyanın ən yaxşı təhsil resurslarından istifadə imkanı yaratmaqla biz ali təhsil sektorunda tədrisin keyfiyyətinin artırılması və modernləşdirilməsi istiqamətində ölkədə görülən ümumi səylərə dəstək oluruq. Bu məqsədlə, biz ali təhsil müəssisələri üçün əhəmiyyətli olan on beynəlxalq dərslik və tədris materialının siyahısını müəyyənləşdirmişik. Qalan yeddi kitabın 2020-ci ilin sonunadək Azərbaycan dilinə tərcümə edilərək nəşr edilməsini planlaşdırırıq.”

BP-nin Azərbaycana gətirməyi öhdəsinə götürdüyü on dərsliyin siyahısına biznes, menecment və iqtisadiyyat, siyasi elm və media sahəsində beynəlxalq miqyasda tanınmış kitablar daxildir.

Kitablar BP-nin yerli universitetlərə hədiyyəsidir, lakin yerli kitabxanalar və əlaqədar akademik institutlar vasitəsilə bütün maraqlı şəxslər üçün də əlçatan olacaq.

On kitabın tərcümə və çap işlərinin ümumi dəyəri 634,145 AZN-dir.

BP dünyanın ən tanınmış neft və qaz təchizatçılarından biridir və onun fəaliyyəti əsas enerji mənbələrinin təhlükəsiz işlənməsi və hasilatını əhatə edir.

Bu vaxtadək, BP öz tərəfdaşları ilə birlikdə ölkədəki layihələrə 74 milyard dollardan artıq sərmayə qoyub və on minlərlə iş yeri açmaqla və özünün geniş sosial sərmayə fəaliyyətlərini (yerli potensialın yaradılması, təhsil, icmaların inkişafı, yerli sahibkarlıq, idman potensialı və ölkənin zəngin mədəni irsinin tədqiqi və təbliği kimi sahələrə yönəlmiş) həyata keçirməklə yerli icmalara töhfələr verib.

Azərbaycanda BP şirkətində 2500 nəfərdən çox Azərbaycan vətəndaşı işləyir və bu da, şirkətin ixtisaslaşmış heyətinin 90 faizini təşkil edir. Ötən 27 il ərzində BP və tərəfdaşları çox sayda iri sosial investisiya layihələri həyata keçiriblər. Bu layihələr təhsilin inkişafına, yerli icmalarda bacarıq və qabiliyyətlərin yaradılmasına, icmaların sosial infrastrukturla bağlı vəziyyətinin təkmilləşdirilməsinə, maliyyə vəsaitlərinə çıxışın təmin edilməsi və təlim vasitəsilə yerli müəssisələrə dəstək verilməsinə, mədəni irs və idmanın inkişafına, eləcə də hökumət qurumlarına texniki yardıma yönəldilir.

2019-cu ildə BP və tərəfdaşları Azərbaycanda öz sosial investisiya layihələrinə təxminən 4 milyon ABŞ dolları vəsait xərcləmişlər.
Ümumilikdə isə, fəaliyyətə başladığı vaxtdan indiyədək BP özü və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından ölkədəki sosial sərmayə layihələrinə 84 milyon ABŞ dollarından çox vəsait xərcləmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti