...

“Könüllü gömrükçü” dəstəsinin üzvlərinə sertifikatlar təqdim olunub (FOTO)

Cəmiyyət Materials 4 Fevral 2020 11:32 (UTC +04:00)
Dövlət Gömrük Komitəsində fəaliyyət göstərən ikinci "Könüllü gömrükçü" dəstəsinin üzvlərinə sertifikatların təqdim olunması mərasimi keçirilib
“Könüllü gömrükçü” dəstəsinin üzvlərinə sertifikatlar təqdim olunub (FOTO)

Bakı. Trend:

Dövlət Gömrük Komitəsində fəaliyyət göstərən ikinci "Könüllü gömrükçü" dəstəsinin üzvlərinə sertifikatların təqdim olunması mərasimi keçirilib. Mərasimdə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev, aidiyyəti qurumların rəhbərləri iştirak ediblər.

Trend-in məlumatına görə, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev müasir Azərbaycanın qurucusu, ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi gənclər siyasətindən söhbət açaraq qeyd edib ki, Ulu Öndər daim gənclərin dövlət idarəçiliyində və cəmiyyətin bütün sahələrində təmsil olunmaları, beynəlxalq standartlara uyğun şəkildə təhsil almalarına xüsusi diqqət göstərib. Bildirilib ki, hazirda Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu gənclər siyasəti çərçivəsində bir çox dövlət qurumlarında fəaliyyət göstərən könüllü hərəkatının formalaşması da bu siyasətin bariz nümunəsidir.

Könüllülük hərəkatının formalaşmasında Birinci vitse-prezident Mehriban Əliyevanın rolunu xüsusi qeyd edən Səfər Mehdiyev bildirib ki, məhz onun təşəbbüsü ilə həyata keçirilən sosial-humanitar layihələr, beynəlxalq tədbirlər minlərlə gəncimizə potensiallarını reallaşdırmaq, öz imkanlarını göstərmək üçün şərait yaradıb.

Dövlət Gömrük Komitəsində ilk "Könüllü gömrükçü" dəstəsinin ötən ilin iyun ayında formalaşdırıldığını bildirən Komitə sədrinin sözlərinə görə məqsəd gənclərin potensialından daha səmərəli istifadə etmək, onlara peşə vərdişlərini aşılamaq və təcrübi biliklərini artırmaq, ölkədə könüllü hərəkatının inkişafını dəstəkləməkdir.

Komitə sədri vurğulayıb ki, bugünədək könüllü hərəkatı çərçivəsində minlərlə gənc bilik və bacarıqlarını artırmaq imkanı əldə edib və işlə təmin olunublar.
Səfər Mehdiyev Dövlət Gömrük Komitəsində ikinci "Könüllü gömrükçü" dəstəsinin üzvlərinin fəaliyyətini yüksək qiymətləndirərək onlara gələcək işlərində uğurlar arzulayıb.

Eyni zamanda, Komitə sədri gömrük orqanlarında nümunəvi fəaliyyətləri və gömrük işinin dərindən mənimsədiklərinə görə 4 nəfər könüllü gömrükçünün gömrük orqanlarında işə qəbul olunduğunu diqqətə çatdırıb.

Könüllü gömrükçülər adından çıxış edən Elgül Həsənova, Nərmin Bağırova və Fəridə Həsənova əldə etdikləri bilik bacarıqları sınaqdan keçirmək, həyat və iş təcrübəsi qazanmaq baxımından könüllü hərəkatının önəmindən bəhs edib, yaradılan şəraitə görə Prezident İlham Əliyevə təşəkkürlərini bildiriblər. Çıxış edənlər, eyni zamanda fəaliyyətlərinin uğurlu təşkilinə görə Dövlət Gömrük Komitəsinin rəhbərliyinə və kollektivinə də minnətdarlıqlarını ifadə ediblər.
Tədbirin sonunda "Könüllü gömrükçü" dəstəsinin üzvlərinə sertifikatlar təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti