Bakı. Trend:
"Azərbaycan Sənaye Korporasiyası" ASC-nin törəmə müəssisəsi olan "Azərpambıq ASK" MMC və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Nərimanov Rayon Şöbəsi xüsusi karantin rejimi günlərində ölkə başçısı cənab İlham Əliyevin "Biz birlikdə güclüyük" çağırışına qoşularaq ərzaq yardımı kampaniyası keçirib.
Trend-in məlumatına görə, gündəlik tələbat mallarından ibarət olan 200 ərzaq bağlaması Bakı şəhəri N.Nərimanov rayonu ərazisində yerləşən yataqxanada 1993-cü ildən müvəqqəti məskunlaşan Cəbrayıl, Zəngilan, Füzuli və Ağdam rayonlarından olan qaçqın və məcburi köçkün, şəhid ailələrinə paylanılıb.
Aksiyadan yararlanan qaçqın və məcburi köçkün, şəhid ailələri dövlətimiz tərəfindən onların sosial məsələlərinin həllinə daim böyük diqqət göstərildiyini, hər zaman qayğı ilə əhatə olunduqlarını bildirib və karantin rejimi müddətində onlara göstərilən dəstəyə görə aksiya iştirakçılarına təşəkkür ediblər.