Bakı. İlhamə İsabalayeva - Trend:
Nazirlər Kabineti “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nda dəyişikliklər edib.
Trend-in məlumatına görə, yeni dəyişikliyə əsasən, cari və aralıq qiymətləndirmənin ümumi nəticələrinə görə fənn üzrə müvəffəq qiymət almış tələbə həmin fəndən kreditləri qazanmış hesab olunur. Kreditləri müəyyən səbəblərdən qazanmayan (qazana bilməyən) tələbənin həmin fənn üzrə akademik borcu qalır. Akademik borcu yaranmış tələbəyə həmin fənn (fənlər) üzrə imtahan vermək (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla) və ya fənni (fənləri) yenidən dinləmək üçün şərait yaradılır.
Cari semestrdə müəyyən səbəbdən imtahanda (imtahanlarda) iştirak etməyən və (və ya) həmin semestrdə akademik borcu yaranmış tələbəyə növbəti semestrin dərsləri başlayanadək bir dəfə həmin imtahanı (imtahanları) vermək imkanı yaradılır. Əlavə olaraq tələbə hər bir semestrdə fənni (fənləri) dinləmədən akademik borcu əvvəlki semestrdə (semestrlərdə) yaranmış iki fənn üzrə (hər fəndən bir dəfə olmaqla) də imtahanda iştirak edə bilər.
Bütün hallarda imtahan verən tələbənin ümumi qiymətləndirilməsi zamanı onun fənni (fənləri) dinlədiyi semestrdəki cari qiymətləndirilmənin (aparıldığı halda) nəticələri nəzərə alınır və qazandığı kreditlər tədris planı üzrə həmin fənni (fənləri) dinlədiyi semestrə aid olunur.