...

Mütəxəssisdən xəbərdarlıq: Antibiotiklərdən yanlış istifadə xərçəng yarada bilir

Cəmiyyət Materials 3 İyul 2020 14:56 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva - Trend:

COVİD-19 virusu ilə bağlı yaranan hazırkı epidemioloji vəziyyət insanların antibiotiklərdən qeyri-düzgün istifadəsinə də səbəb olur. Özündə COVİD-19 virusunun əlamətlərinə oxşar simptomları müşahidə edən bəzi şəxslər kortəbii şəkildə antibiotik qəbul etməklə belə halları aradan qaldırmağa çalışırlar.

Tibb üzrə fəlsəfə doktoru Yazgül Abdiyeva Trend-ə bildirib ki, antibiotiklərin uzun müddət qeyri-düzgün istifadə edilməsi düz bağırsaq xərçənginə, dizbakterioza və s. səbəb olur. Buna görə də antibiotiklər həkim təyinatı ilə, insanın bakteriyalara qarşı həssaslığı yoxlanılaraq qəbul edilməlidir:

“İnsanlar antibiotiklərin nələrə səbəb olduğundan xəbərsiz olduqları üçün onu lazım oldu-olmadı istifadə edirlər. Dünyada 12 ölkədə, 10 min insan arasında aparılan tədqiqatların nəticələrinə görə, iştirakçıların 64%-i antibiotiklərin virus və soyuqdəymə xəstəliklərində effektiv olduğuna inanır”.

Mütəxəssis qeyd edib ki, antibiotiklər mikrobları və bakteriyaları öldürə bilər, lakin onlar viruslara təsir göstərmir. Antimikrob preparatlardan sui-istifadə dərmanlara davamlı ştamların yaranmasını sürətləndirir. Bu da infeksiyaya qarşı mübarizəni getdikcə çətinləşdirir:

“Başqa bir araşdırmanın nəticələri görə, ABŞ-da hər il 6 mindən çox insan antibiotiklərin təsirinin azalması səbəbindən ölür. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, antibiotiklərin təxminən 50%-i düzgün təyinatla istifadə olunmur, buna görə insan bədənində antibiotiklərə qarşı rezistentlik artmaqda davam edir. Çox vaxt antibiotiklər viral infeksiyaların müalicəsi üçün təyin edilir. Antibiotiklər yalnız bakterial infeksiyaların müalicəsinə kömək edir”.

Y.Abdiyeva bildirib ki, çox vaxt həkimlər xəstəliyin dar spektrli bir antibiotiklə müalicə edilə biləcəyi zaman geniş spektrli antibiotiklər təyin edirlər. Nəticədə xəstələrdə antibiotiklərə qarşı rezistentlik inkişaf edir:

“ÜST xatırladır ki, antibiotiklərdən sui-istifadə təhlükəli davamlı bakteriyaların yayılmasına səbəb olur. Dar spektirli antibiotiklərdən istifadə etmək mümkün olan hallarda geniş təsir spektirli antibiotiklərdən istifadə etmək düzgün düyil. Virus infeksiyalarının müalicəsində yalnız bakterial ağırlaşma olarsa, antibiotik istifadə etmək məqsədəuyğundur. Bundan başqa, antibiotiklərdən uzun müddət istifadə etmə orqanizmdə bir çox xəstəliklərə səbab ola bilər. Amerika və ingilis alimlərindən ibarət bir qrupun apardığı tədqiqatlara görə, uzun kurslarla (60 gün və daha çox) aparılan antibakterial müalicə kolon xərçənginə səbəb ola bilər. Uzun müddət antibiotiklərdən istifadə normal bağırsaq mikroflorasını pozaraq orada kanserogen təsirə malik potogen mikrofloranın inkişafına şərait yaradır. Britaniyalı alimlər 1989-2012-ci illər arasında kolon xərçəngindən əziyyət çəkən xəstələrin məlumatlarını araşdırıblar və onlar arasında uzun müddət antibiotik qəbul edən xəstələrdə bu riskin digərlərinə görə 17% daha çox olduğu qənaətinə gəliblər”.

Y.Abdiyeva deyib ki, antibiotiklərdən sui-istifadə hallarının gətirib çıxardığı təhlükəli vəziyyətlərdən biri də mikrobların antibiotiklərə qarşı rezistentliyidir. Bu zaman təhlükəli və müalicəyə tabe olmayan ştamlar yarana bilər:

“ÜST hesablamalarına görə, köhnə müalicə metodlarının dərman rezistentliyi vəziyyətində yaranan xəstəliklər 2050-ci ilə qədər ildə əlavə 10 milyon insanın ölümünə səbəb ola bilər. Hər il təxminən 700 min insan davamlı bakteriyaların yaratdığı xəstəliklərdən ölür. ÜST hesab edir ki, əgər tədbirlər görülməsə, 2050-ci ilə qədər rezistent bakteriyalar on milyona yaxın insanı öldürəcək. ÜST xatırladır ki, antibiotiklərdən sui-istifadə və düzgün istifadə edilməməsi, xüsusən pnevmoniya, meningit, qan dövranı infeksiyalarına səbəb olan təhlükəli davamlı bakteriyaların yayılmasına səbəb olur. Mövcud antibiotiklərlə bu cür infeksiyanı müalicə etmək artıq mümkün olmadığından yeni, daha təsirli dərmanlar yaratmağa təcili ehtiyac var”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti