...

Mingəçevir Dövlət Universitetinin Elmi Şurasının cari tədris ilində sonuncu iclası keçirilib (FOTO)

Cəmiyyət Materials 10 İyul 2020 22:17 (UTC +04:00)
Mingəçevir Dövlət Universitetinin Elmi Şurasının cari tədris ilində sonuncu iclası keçirilib (FOTO)

Bakı. Trend:

2020-ci ilin 10 iyul tarixində Mingəçevir Dövlət Universiteti (MDU) Elmi Şurasının cari tədris ilində sonuncu iclası keçirilib.

Universitetdən Trend-ə verilən məlumata görə, “Microsoft Teams” platforması üzərindən online formatda keçirilən iclası açan MDU-nun rektoru Şahin Bayramov gündəlikdə duran məsələləri diqqətə çatdırıb.

Rektor COVID-19 infeksiyası ilə mübarizə sahəsində riayət edilməsi vacib olan tələb və tövsiyələri bir daha xatırladıb, universitet əməkdaşlarını bu istiqamətdə Mingeçevir şəhərində aparılan maarifləndirmə işində fəal iştiraka dəvət edib.
Sonra gündəliyə uyğun olaraq, Mühəndislik fakultəsinin, Tələbə Elmi Cəmiyyətinin və Tələbə Gənclər Təşkilatının cari tədris ilindəki fəaliyyəti haqqında, eləcə də MDU Elmi Şurasının qərarlarının icra durumu barədə hesabatlar dinlənilib. Hesabatlar ətrafında müzakirələr aparılıb və təqdim olunan hesabatlar Elmi Şura üzvləri tərəfindən qənaətbəxş hesab olunub. Müzakirəyə çıxarılan məsələlər barədə struktur bölmə rəhbərlərinə müvafiq tövsiyə və tapşırıqlar verilib.

Daha sonra MDU-nun strukturunun təkmilləşdirilməsi və yenidən qurulması ilə bağlı təkliflərin hazırlanması məqsədilə rektorun 12 sentyabr 2019-cu il tarixli əmri ilə yaradılmış İşçi Qrupunun yeni təkliflərinə baxılıb. Çıxış edən İşçi Qrupunun rəhbəri, MDU-nun elmi işlər üzrə prorektor əvəzi, professor Veysəl Əyyubov daxili nizam-intizam qaydalarına riayət olunması, sərəncam və tapşırıqların vaxtında icra edilməsi, sənəd dövriyyəsində icra intizamının gücləndirilməsi sahəsində çevik və operativ idarəetmənin təmin edilməsi məqsədilə universitetdə müstəqil struktur vahidi statusunda Daxili audit şöbəsinin yaradılmasına dair əsaslandırılmış təklifləri təqdim edib. Təkliflərin mövcud qanunvericiliyin tələbləri və ölkəmizin aparıcı universitetlərinin təcrübəsi nəzərə alınmaqla hazırlandığı diqqətə çatdırılıb. Məsələ ətrafında aparılan müzakirələrdən sonra açıq səsvermə keçirilib və Elmi Şura üzvlərinin yekdil qərarı ilə MDU-da Daxili audit şöbəsinin yaradılması təklifi təsdiq olunub.

İclasa yekun vuran Ş.Bayramov 2019/2020-ci tədris ilində MDU-nun müasirləşdirilməsi, tədrisin keyfiyyətinin və elmi fəaliyyətin səmərəliliyinin yüksəldilməsi, struktur islahatları, professor-müəllim və inzibati-texniki heyət üzvlərinin əmək haqqının artırılması, qarşılıqlı faydalı tərəfdaşlıqların yaradılması, məsafədən tədrisin təşkili, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və digər istiqamətlərdə həyata keçirilmiş tədbirlər barədə ətraflı məlumat verib. 2020/2021-ci tədris ilində universitetə qəbul olunacaq tələbələrin yeni standartlar əsasında təhsil alacağını bildirən rektor bu istiqamətdə görülməli olan işləri diqqətə çatdırıb. Rektor tədris yükünün bölünməsi, yeni dərslik və dərs vəsaitlərinin işlənilməsi, elmi məqalələrin sayının artırılması, professor-müəllim heyətinin informasiya və texnologiya bacarıqlarının inkişaf etdirilməsi və digər məsələlərə dair müvafiq tövsiyə və tapşırıqlar verib.

İclasda cari məsələlərə də baxılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti