...

Qaradağ rayonunda 16 km yol yenidən qurulur (FOTO)

Cəmiyyət Materials 17 Avqust 2020 10:19 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində 2020-ci ilin investisiya proqramına uyğun olaraq Qaradağ rayonu Qobustan, Lökbatan, Qızıldaş, Müşfiqabad, Ümid və Sanqaçal qəsəbələri üzrə təmirə ehtiyacı olan daha 16 km uzunluğa malik küçə və yollarda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən kompleks tədbirlər həyata keçirilir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Trend-ə verilən məlumatda bildirilir ki, aparılan təmir-tikinti işləri çərçivəsində küçələr boyu zəruri olan yerlərdə deformasiyaya uğramış yararsız qrunt qazılıb çıxarılır, əks dolğu işləri aparılmaqla kipləşdirmə işləri görülür, küçələr profilə salınır, zəruri yerlərdə optimal qum-çınqıl qarışığından yol əsası işlənilir, küçələr boyu mövcud piyada səkiləri bərpa olunur, zəruri yerlərdə yeniləri inşa edilir, kənarlarına yeni səki daşları düzülür və bunun ardınca asfaltlanma işləri aparılmaqla yeni infrastruktur yaradılır.

Qeyd olunan ərazilərdə təmir işlərinin həcmi investisiya proqramına uyğun olaraq ayrılmış vəsait hesabına Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən aparılır.

Proqrama uyğun olaraq ayrılmış vəsait hesabına, sözügedən rayonun Qobustan qəsəbəsində 5600 metr uzunluğa malik Torağay, N.Şərifov, S.Nəcəfov, N.Niftaliyev küçələrinin, həmçinin 1-ci massiv yolunun və Salyan yolu bina 5, 30, 30a yollarının, Lökbatan qəsəbəsində ümumi uzunluğu 3150 metr olan Xəqani, H.Aslanov və Məşədi Əzizbəyov küçələri ilə 2-ci massiv yolunun, Qızıldaş qəsəbəsində 1200 metrlik qəbirstanlığa gedən yolun, Müşfiqabad qəsəbəsində 1500 metrlik 2-ci massiv küçəsinin, Ümid qəsəbəsində 2500 metr uzunluğa malik Mərkəzi küçənin və Sanqaçal qəsəbəsində isə 1-ci massivə gedən 1800 metrlik köməkçi yolun yenidənqurması işlərinin aparılması nəzərdə tutulurdu ki, artıq bu istiqamətdə işlərin bir hissəsi yerinə yetirilib.

Belə ki, sözügedən layihə çərçivəsində Qobustan qəsəbəsində N.Niftaliyev küçəsi və Salyan yolu bina 5, 30, 30a yolları, Ümid qəsəbəsində Mərkəzi küçə təmir olunaraq vətəndaşların istifadəsinə verilib.

Hazırda sözügedən rayon üzrə anoloji təmir-bərpa işləri Qızıldaş qəsəbəsində qəbirstanlığa gedən yolda və Sanqaçal qəsəbəsində 1-ci massivə gedən köməkçi yolda davam etdirilir. Artıq bu yolların bir hissəsində də işlər yekunlaşdırılıb.

Aparılan yenidənqurma işlərinin yekunlaşması ardıcıllığına uyğun olaraq, cari ilin investisiya proqramında adı çəkilən qəsəbələrin əsaslı təmiri nəzərdə tutulan digər küçə və yollarında da yenidənqurma işlərinin aparılması nəzərdə tutulub.

Qeyd olunan ərazilərdə təmir işlərinin həcmi ilkin olaraq cari ilin investisiya proqramı çərçivəsində ayrılmış vəsait hesabına aparılır. Növbəti mərhələlərdə sərəncam və investisiya proqramı ilə ayrılacaq vəsaitə uyğun olaraq Qaradağ rayonu üzrə təmirə ehtiyacı olan digər küçə və yollarda da yenidənqurma işlərinin aparılması nəzərdə tutulur.

Qeyd edək ki, prezident İlham Əliyevin sərəncam və tapşırıqları əsasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2019-cu ildə Qaradağ rayonunda ümumi uzunluğu 11 km-ə yaxın 10 küçə və yola asfalt-beton örtüyü döşənib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti