Bakı. Ceyhun Ələkbərov - Trend:
44 günlük müharibədə elə yaralı hərbçilərimiz oldu ki, onlar gözlərindən yaralanmışdılar. Ancaq dedikləri o idi ki, "gözümə qum tökülüb, təmizləyin, qayıdım, döyüş yoldaşlarım oradadır".
Bunu Trend-ə açıqlamasında Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının Poliklinika şöbəsinin müdiri, ümumi cərrah Səadət Aşurova bildirib. Onun sözlərinə görə, müharibə dövrü ərzində həkim heyyəti 500-ə yaxın hərbçinin həyatını xilas edib:
“Vətən müharibəsində bizim həkim personalımızın əksəriyyəti könüllü olaraq cəbhədə işləyib. Onlar arasında bir çox sahə üzrə həkimlər və professorlar olub. Onlar cəbhədə yaralılara xidmət ediblər”.
S.Aşurovanın sözlərinə görə, bu gün də həmin həkimlər bəzi yaralı əsgər və zabitlərimizin müalicəsi ilə məşğuldurlar:
“Bu günə kimi 500-ə yaxın hərbçini müalicə etmişik və bəzilərinin hələ də müalicəsi davam etməkdədir. Onların içərisində ağır xəstələr, aşağı ətrafı işləməyənlər, aşağı ətrafı amputasiya olunanlar da var. Bəzi ağır travmalar alan hərbçilər də var ki, onlara rekonstruktiv müalicələr edilib. Bundan əlavə, həkimlər əsgərlərin tək fiziki deyil, o cümlədən psixi durumları ilə də məşğul olublar. Əsgərlərimizin məqsədi torpaqları geri almaq idisə, həkimlərin də işi həmin şəxsləri yenidən ayağa qaldırmaq idi. Bunun üçün Azərbaycanın böyük bir həkim ordusu var”.
Şöbə müdiri əlavə edib ki, döyüşlər zamanı yaralı bir hərbçinin müalicədən sonra gəzib- gəzməyəcəyi sual altında idi. Hətta ailə üzvləri də elə bilirdilər ki, həmin şəxs artıq yeriməyəcək:
“Məhz onun özünün öz üzərində işləməsi və həkimlərin düzgün müalicəsi nəticəsində hərbçimiz artıq yeriməyə başlayıb və bu yaxınlarda ambulator müalicəyə yola salınacaq. Həkimlərimiz ona psixoloji olaraq da dəstək durdular”.