Bakı. Trend:
Xaçmaz rayonunda 27 sentyabr Anım Günü ərəfəsində şəhid məzarlarının ziyarət olunması davam etdirilir.
Trend xəbər verir ki, Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev və aparatın məsul əməkdaşları Qaraqurdlu, Qobuqırağı, Qaracəlli, Yeni Həyat, Pirquluoba kəndlərindən, eləcə də Xaçmaz şəhərindən şəhid olmuş igid Vətən oğullarının məzarlarını ziyarət edib, tər qərənfillər düzüb, əziz xatirələrini ehtiramla anıblar. Torpaq uğrunda canından keçən bütün şəhidlərimizin ruhuna dua oxunub.
Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev sentyabrın 27-də başlayan və tarixə 44 günlük müharibə kimi düşən Vətən müharibəsindən, Azərbaycan Ordusunun qazandığı şanlı Qələbədən, şəhidlərin gənclərə nümunə olan qısa, lakin şərəfli ömür yolundan danışıb. Vətən müharibəsində şəhidlərin qanının yerdə qalmadığı, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edildiyini bildirib.
İcra başçısı qeyd edib ki, Qələbə sevincini bizə yaşadan şəhidlərin xatirəsi xalqımızın qəlbində daim yaşayacaq.
Şəhid ailələri hər zaman onlara göstərilən diqqətə və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.