...

MDU və Qazi Universitetinin təşkilatçılığı ilə Xocalı soyqırımına həsr olunan anım tədbiri keçirilib (FOTO)

Cəmiyyət Materials 23 Fevral 2022 20:53 (UTC +04:00)
MDU və Qazi Universitetinin təşkilatçılığı ilə Xocalı soyqırımına həsr olunan anım tədbiri keçirilib (FOTO)

Bakı. Trend:

2022-ci ilin 23 fevral tarixində Mingəçevir Dövlət Universiteti (MDU) və Türkiyənin Qazi Universitetinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının otuzuncu ildönümünə həsr olunan “İnsanlıq tarixinin qara ləkəsi: Xocalı qətliamı” mövzusunda anım tədbiri keçirilib. Tədbirdə hər iki universitetin akademik və inzibati heyət üzvləri, tələbə, magistrant və doktorantları iştirak ediblər.

“Zoom” platforması üzərindən onlayn formatda təşkil edilən tədbirə Qazi Universitetinin “Atatürk Qanunları və İnqilab Tarixi Araşdırma və Tətbiq Mərkəzi”nin rəhbəri Mehmet Ali Çakmak moderatorluq edib.
Tədbirin açılışında MDU-nun rektoru Şahin Bayramov və Qazi Universitetinin prorektoru Bekir Buluç çıxış ediblər.

Tədbir iştirakçılarını salamlayan MDU-nun rektoru Ş.Bayramov Xocalı faciəsinin otuzuncu ildönümünə həsr olunan ortaq anım proqramının təşkilində əməyi olanlara və məruzəçilərə təşəkkürünü çatdırıb.

Xocalı soyqırımının, haqlı olaraq, insanlıq tarixinin qara ləkələrindən biri hesab edildiyini vurğulayan rektor tədbirin mövzusunun faciənin əsl mahiyyətini əks etdirdiyini bildirib. Otuz il əvvəl, erməni cəlladlarının Xocalı şəhərində heç bir günahı olmayan dinc insanları, o cümlədən qocaları, qadınları və uşaqları yalnız azərbaycanlı olduqları üçün xüsusi amansızlıqla qətlə yetirdiyini qeyd edən Ş.Bayramov bu qanlı faciəni dünya tarixində törədilmiş ən qəddar qırğınlardan biri kimi dəyərləndirib.

Qətliamı törətməklə Azərbaycan insanını qoxutmaq və onun mübarizlik əzmini qırmaq istəyən düşmənin mənfur niyyətlərinə nail ola bilmədiyini söyləyən rektor bu faciənin bir daha ermənilərin faşist və vəhşi simalarını ortaya qoyduğunu deyib. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi və rəşadətli Azərbaycan Əsgərinin qəhrəmanlığı sayəsində 44 günlük Vətən Müharibəsində qazanılan tarixi Zəfərdən danışan Ş.Bayramov doğma Qarabağın işğaldan azad edilməsilə Xocalı şəhidlərinin qanlarının yerdə qalmadığına və onların ruhunun şad olduğuna əminliyini ifadə edib. Xocalı qurbanlarının əziz xatirəsinin daim böyük ehtiramla anıldığını bildirən rektor bütün şəhidlərimizə rəhmət, qazilərimizə isə şəfa diləyib.

Azərbaycan-Türkiyə qardaşlığının bu gün daha yüksək zirvələrə ucalmasından danışan rektor tarixin bütün dönəmlərində Türkiyənin daim Azərbaycanın yanında olduğunu, böyük siyasi, diplomatik və mənəvi dəstək göstərdiyini vurğulayıb. Qarabağ həqiqətlərinin geniş ictimaiyyətə çatdırılmasında və Azərbaycanın haqq işinin dəstəklənməsində Qazi Universitetinin yüksək fəallığı ilə seçildiyini qeyd edən Ş.Bayramov qardaş ölkənin bu aparıcı ali təhsil müəssisəsində Xocalı faciəsi ilə bağlı çoxlu sayda tədbirlərin keçirildiyini diqqətə çatdırıb və bu fəaliyyətlərdə əməyi olan universitetin bütün professor-müəllim, inzibati-texniki və tələbə heyətinə minnətdarlığını bildirib.

Tədbirin açılışında çıxış edən Qazi Universitetinin prorektoru Bekir Buluç, ilk növbədə, təmsil etdiyi universitetin rektoru Musa Yıldızın salamlarını çatdırıb və ortaq tədbirin keçirilməsinə dəstək göstərən hər iki universitetin əməkdaşlarına təşəkkürünü bildirib.
Yaxın tariximizdə bir çox soyqırımların və qətliamların baş verdiyini dilə gətirən prorektor otuz il əvvəl Xocalıda müdafiəsiz dinc insanların kütləvi şəkildə qəddarlıqla qətl edilməsi və soyqırıma məruz qalması hadisəsini hər zaman olduğu kimi şiddətlə qınadıqlarını söyləyib.
B.Buluç Türk dünyası coğrafiyasının bir parçası olan qardaş Azərbaycanın tarixi və əzəli torpağında törədilmiş bu soyqırım hadisəsinin otuzuncu ildönümündə Xocalı qurbanlarının əziz xatirəsinin dərin ehtiram və rəhmətlə anıldığını qeyd edib.

Qazi Universiteti olaraq hər zaman Türk millətinin dəyərlərinə sahib çıxmaq, bu dəyərləri gələcək nəsillərə ötürmək, bütün Türk dünyasının kədərinə və sevincinə şərik olmaq məsuliyyəti ilə hərəkət etməyə çalışdıqlarını vurğulayan prorektor Xocalı qətliamının gənclərə müxtəlif aspektlərdən izah edilməsi baxımından tədbirin önəmindən danışıb və bir daha tədbirin təşkilində əməyi olanlara təşəkkür edib.

Sonra, proqrama uyğun olaraq Qazi Universitetindən professor İbrahim Ethem Atnur “Xocalı qətliamına gedən yol: Qafqazda Türk-erməni münaqişəsinin tarixi əsasları” və dosent Zeki Gürel “Xocalı qətliamının ədəbi əksi” mövzularında, MDU-dan baş müəllim İlham Məmmədov “Xocalı soyqırımı bəşəriyyətə qarşı cinayət aktının ən qəddar nümunəsidir”, müəllim və Xocalı sakini Tahirə Quliyeva “Xocalı qətliamı xatirələrdə” mövzularında məruzələrlə çıxış ediblər.

Müzakirələrlə davam edən tədbirin sonunda iştirakçılar belə bir ortaq tədbirin keçirilməsində göstərdikləri dəstəyə görə hər iki ali təhsil müəssisəsinin rəhbərliyinə təşəkkürünü bildirib və bu istiqamətdə birgə fəaliyyətin davamlılığını arzulayıblar.
Qeyd edək ki, MDU-da Xocalı soyqırımının otuzuncu ildönümünə həsr olunan silsilə tədbirlər davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti