...

Karantin yumşaldıldı, pandemiyanın davam etdiyini isə unutmamalıyıq

Cəmiyyət Materials 8 Mart 2022 09:38 (UTC +04:00)
Karantin yumşaldıldı, pandemiyanın davam etdiyini isə unutmamalıyıq

Bakı. Humay Ağacanova - Trend:

Ölkədə epidemioloji vəziyyətin yaxşılaşması ilə əlaqədar xüsusi karantin rejimi çərçivəsində yumşalma tədbirlərinin növbəti mərhələsinin tətbiqi ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qərar qəbul edildi.

Trend xəbər verir ki, qərara əsasən, 2022-ci il martın 6-dan etibarən dövlət orqanlarında (qurumlarında) vətəndaşların yerində qrup və fərdi qaydada qəbuluna,dini ritual xidmətlərinin, eləcə də mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin təşkilinə və keçirilməsinə,bütün kütləvi tədbirlərin, o cümlədən idman tədbirlərinin keçirilməsinə;ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadəyə,masaj xidmətlərinin göstərilməsinə,sərnişinləri qarşılayan və yola salan şəxslərin hava limanının terminalına girişinə icazə verildi.

Həmçinin, mədəniyyət obyektlərinin, eləcə də kinoteatrların, teatrlar və konfrans zallarının, istirahət və əyləncə məkanlarının, həmçinin, uşaq əyləncə məkanlarının (bulvar və parkların ərazisində olanlar da daxil olmaqla), habelə iri ticarət mərkəzlərinin nəzdindəki uşaq və digər əyləncə mərkəzlərinin, kinoteatrların fəaliyyəti ilə bağlı vaxt və say məhdudiyyəti, dini ibadət yerlərinə tətbiq edilən say və eyni vaxtda ibadət üçün nəzərdə tutulan yerlərlə bağlı faiz məhdudiyyəti, şənlik mərasimlərinin (toy, nişan, ad günləri və s.) keçirilməsi ilə bağlı vaxt və say məhdudiyyəti, ictimai iaşə obyektlərində, eləcə də restoran, kafe, çay evləri və bu kimi digər məkanların fəaliyyəti ilə bağlı vaxt məhdudiyyəti, həmçinin, hər bir masa arxasında 6 nəfərdən artıq toplaşmaqla bağlı məhdudiyyət, pandemiya dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu zamanı tətbiq edilən adambaşı sıxlıq normaları, 10 nəfərdən artıq şəxsin iştirakı ilə tədris və repetitor xidmətlərinin həyata keçirilməsi məhdudiyyəti aradan qalxdı.

Qonşu ölkələrlə müqayisədə yoluxmaların sayı ölkəmizdə azdır. Bunun da əsas səbəbi vətəndaşlarımızın könüllü vaksinasiya prosesinə inamla yanaşmasıdır. Ölkəmizdə vaksinasiya prosesinin sürətli getməsi karantin rejiminin yumşalması ilə nəticələnir. Bu qaydaların yumşaldılması, eləcə də bir sıra sahələrdə fəaliyyətin əvvəlki qaydalarda aparılması iqtisadiyyata, həmçinin, real sektora öz müsbət təsirini göstərəcək.

Bütün müsbətə doğru olan dəyişikliklərə baxmayaraq, yenə də unutmamalıyıq ki, virus hələ məhv olmayıb və pandemiya tamamilə bitməyib. Yoluxma sayında azalmaların olduğunu görüb arxayınlaşmaq rəqəmlərin artımında müsbət dinamikaya səbəb olur. Gigiyenik qaydalara mütləq riayət edilməlidir. İnsan sıxlığı olan yerdə iştirak edilməməli, sosial məsafə qorunmalı və maskdan düzgün istifadə edilməlidir. Bunlardan da vacib olan isə vaksinasiyadır. Üçüncü doza vaksini həm risk qrupuna daxil olan, həm də xəstəliyi olmayan vətəndaşlarımızın qəbul etməsi tövsiyə olunur. Çünki virusdan qorunmaq üçün ən yaxşı variant vaksin olunmaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti