Bakı. Trend:
Sabah gün ərzində Kür çayının yuxarı axınında yüksək sululuq müşahidə olunacaq, daşqın istisna edilmir.
Trend xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.
Onun sözlərinə görə, son günlərdə ölkə ərazisində, xüsusilə də respublikanın şimal və qərb rayonlarında qeyri-sabit hava şəraiti müşahidə olunur.
"Xüsusən bu proseslər Respublikanın şimal və qərb rayonlarında müşahidə edilir. Bu gün axşam saatlarında Gədəbəy rayonunda iri dənəli dolu qeydə alınıb. Qeyri-sabit hava şəraiti qonşu ölkələrdə də müşahidə edilir. Türkiyədə sel və daşqın hadisələri, Gürcüstanda ötən sutka ərzində düşən güclü yağıntı nəticəsində Tbilisi məntəqəsində Kürün səviyyəsi xeyli artıb", - U. Tağıyeva qeyd edib.
Xidmət rəisi vurğulayıb ki, nəticədə bu gün səhər saat 8.00 ilə müqayisədə artıq Azərbaycan ərazisində Kür Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 64 sm artıb.
"Proses gecə ərzində də davam edecək. Sabah Kürün yuxarı axarında yüksək sululuq müşahidə olunacaq. Dasqın istisna olunmur.
Ağstafa, Qazax, Tovuz rayonlarında yaşayan əhaliyə xəbərdarlıq edirik ki, Kür çayının yaxınlığında olan şəxslər diqqətli olsunlar. Yerli icra hakimiyyətlərinin də müvafiq tədbirlər görməsi vacibdir.
Yaxın günlər ərzində, yəni iyun ayının sonunadək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edəcək. Dağlıq və dağətəyi rayonlarda leysan xarakterli yağışların yağması ehtimal edilir. Nəticədə respublikanın dağ çaylarında qısa müddətli daşqın və sel keçəcəyi proqnozlaşdırılır. Bəzi rayonlara dolu düşəcəyi ehtimalı var", - Umayra Tağıyeva əlavə edib.