...

Mingəçevir Dövlət Universiteti Lüksemburq Universiteti ilə əməkdaşlıq edəcək

Cəmiyyət Materials 22 Avqust 2022 11:00 (UTC +04:00)
Mingəçevir Dövlət Universiteti Lüksemburq Universiteti ilə əməkdaşlıq edəcək

Bakı. Trend:

Mingəçevir Dövlət Universiteti (MDU) ilə dünya səviyyəli tədqiqat universiteti hesab edilən Lüksemburq Universiteti arasında Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Erasmus+ proqramı çərçivəsində protokol imzalanıb. Protokolda hər iki universitet arasında tələbə və heyətin mübadiləsi üçün müvafiq imkanların təmin edilməsi razılaşdırılıb.

Lüksemburq Universiteti Avropanın 2003-cü ildə qurulmuş gənc universitetlərindən biridir. Universitet fransız, alman və ingilis dillərində çoxdilli proqramlar təqdim etməklə dünyada tanınır. Dünyanın 120-yə yaxın ölkəsindən gələn tələbələri ilə Avropanın ən beynəlmiləl universitetlərindən hesab olunur. Tədqiqat, ali təhsil, ölkənin sosial, mədəni və iqtisadi inkişafına töhfə universitetin başlıca missiyasını təşkil edir. Lüksemburq Universiteti 2022-ci ildə nüfuzlu Times Higher Education Dünya Universitetlərinin Reytinqində (World University Rankings) 251-300-cü, Gənc Universitetlərin Reytinqində (Young University Rankings) isə 25-ci yeri tutub.

Qeyd edək ki, hazırda müasirləşmə mərhələsində olan MDU-da mövcud potensialın inkişaf etdirilməsi, tələbə, akademik və inzibati heyət üzvlərinin bilik və bacarıqlarının artırılması məqsədilə Erasmus+ və digər mübadilə proqramlarında fəal iştiraka xüsusi önəm verilir. Texnologiya, iqtisadiyyat və təhsil sahələri üzrə də ali təhsil proqramlarının reallaşdırıldığı Lüksemburq Universiteti ilə sözügedən protokol çərçivəsində əməkdaşlıq MDU-da kadr hazırlığının və tədqiqat fəliyyətlərinin keyfiyyətinin yüksəldilməsinə töhfə baxımından müsbət qiymətləndirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti