Bakı. Trend:
Noyabrın 4-ü ADA Universiteti Fondu (Azərbaycan) ilə “Kolin İnşaat Şirketi”nin Azərbaycandakı Nümayəndəliyi arasında Əməkdaşlıq haqqında Memorandum imzalanıb.
Memorandum Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov və Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktayın iştirakı ilə keçirilən Azərbaycan - Türkiyə Biznes Forumu çərçivəsində imzalanıb.
Sənədi ADA Universiteti adından Universitetin Fondunun (Azərbaycan) prezidenti Natiq Hacıyev “Kolin İnşaat Turizm Sanayi ve Ticaret Anonim Şirketi”nin ölkəmizdəki Nümayəndəliyinin baş direktoru Barış Altıparmak imzalayıblar.
Memorandumun imzalanmasında əsas məqsəd tərəflərin təhsil sahəsindəki əlaqələrinin gücləndirilməsi və inkişaf etdirilməsi üçün prioritet istiqamətlər üzrə əməkdaşlıq etməkdir.
Memoranduma əsasən hər iki qurum arasında bilik və bacarıq mübadiləsi həyata keçiriləcək, tələbələr üçün təcrübə proqramları, müvafiq istiqamətlər üzrə müsabiqələr və ya informativ turlar təşkil ediləcək, habelə onların Şirkət tərəfindən müəyyənləşdirilmiş sahələr üzrə sertifikasiya və ya digər təhsil xərclərinə sponsorluq ediləcək.
Öz növbəsində, ADA Universiteti də Şirkəti akademik araşdırma və elmi tövsiyələrlə təmin edəcək.