Bakı. Trend:
DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində ilin yekunlarına dair mətbuat konfransı keçirilib.
Trend xəbər verir ki, Mərkəzin direktoru Pərvinə İsmayılova media nümayəndələrini ötən bir illik fəaliyyət ərzində həssas əhali qrupuna aid şəxslərin cəmiyyətə qazandırılması istiqamətində əldə edilən nəticələrlə tanış edib. Məlumat verilib ki, bu günədək Mərkəzə 500-ə yaxın vətəndaşın müraciəti qeydə alınıb. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan bu unikal məkanda hazırda 292 benefisiar 14 xidmət istiqaməti üzrə təlimlərə cəlb olunub. Benefisiarların qəbulu 6 yaşdan 44 yaşadək kateqoriyada aparılır. Psixo-sosial vəziyyətinə uyğun olaraq, çox hallarda bir benefisiarın müxtəlif yaradıcılıq sahələri üzrə digər təlimlərdə iştirakı da təmin edilir.
Mərkəzdə tətbiq edilən, Ümumdünya Səhiyyə Təşkilatının da təsdiqlədiyi CARe metodologiyası (Comprehensive Approach ro Rehabilitation), həmçinin multidissiplinar qrupun fəaliyyəti barədə danışan Pərvinə İsmayılova statistik göstəricilərlə bağlı bilgi verib. Bu metodologiyaya uyğun olaraq, Mərkəzə qəbul olunan hər bir şəxs üçün fərdi inkişaf planı tərtib edilir. Bildirilib ki, Mərkəzdə təlim alanların böyük qismini əlilliyi olan şəxslər, aztəminatlı ailələrin üzvləri, valideyn himayəsindən məhrum və valideynini itirmiş uşaqlar, şəhid ailəsi üzvləri təşkil edir. Onlardan 78 faizindən çoxunun sosial adaptasiyasında inkişaf, 90 faizindən çoxunda rahat ünsiyyətə girmə bacarığı, 77 faizdən çoxunda isə diqqət və konsentrasiyasında irəliləyiş formalaşıb.
Həssas təbəqədən olan şəxslərin cəmiyyətə adaptasiyasını, sosial inteqrasiyasını gücləndirmək məqsədilə il ərzində Mərkəzdə 30-dək layihə gerçəkləşdirilib və tədbirlər növbəti ildə də davam etdiriləcək.
Sonra Mərkəz rəhbəri media nümayəndələrinin suallarını cavablandırıb.