Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin (FHN) aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.
Nazirliyin mətbuat xidmətindən Trend-ə bildirilib ki, FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin mütəxəssislərinin də iştirakı ilə Cənub Regional Mərkəzi tərəfindən Lənkəran şəhər R.Məmmədov adına 5 nömrəli tam orta məktəbində, Aran Regional Mərkəzi tərəfindən Ağdaş şəhər Səməd Vurğun adına 1 nömrəli və Yevlax şəhər S.Əliyev adına 1 nömrəli tam orta məktəblərində, Bakı Regional Mərkəzi tərəfindən Nizami rayonu 70 nömrəli tam orta məktəbində, Qarabağ Regional Mərkəzi tərəfindən Ağcabədi şəhəri, Laçın rayonu 23 nömrəli və Bərdə rayonu Kələntərli kənd tam orta məktəblərində maarifləndirmə tədbirləri keçirilib.
Məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.
Tədbirlərdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğınların başvermə səbəbləri və bu zaman zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib. FHN-in 112 - qaynar telefon xəttinin təyinatı izah olunub, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.
İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.