Bakı. Trend:
Abşeron rayonunda şəhid anaları, həyat yoldaşları və əmanətləri olan qız övladları 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edilib.
Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə RİH başçısı Abdin Fərzəliyev, rayonun idarə-təşkilat rəhbərləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyəti iştirak etmişdir. İştirakçılar əvvəlcə Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül çiçəkləri düzmüş, xatirəsini dərin ehtiramla yad etmişlər.
Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin və vətənimizin azadlığı və bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Azərbaycan qadınının tariximizdə oynadığı əvəzsiz rolundan, ölkəmizin ictimai həyatına və fəaliyyətinə verdikləri töhfələrdən bəhs edən videoçarx nümayiş etdirildikdən sonra çıxış edən Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev şəhid analarını, həyat yoldaşlarını və abşeronlu xanımları 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik etmişdir.
Azərbaycan qadınlarının dövlət idarəçiliyində iştirakının təmin edilməsi məqsədi ilə dövlət səviyyəsində mühüm işlərin görüldüyünü vurğulayan RİH başçısı bildirmişdir ki, gənclərimizin təlim-tərbiyəsində, vətənpərvərlik ruhunda yetişməsində qadınlarımızın böyük əməyi vardır. O qeyd edib ki, bu misilsiz tərbiyənin nəticəsində ölkəmizin qəhrəman oğulları Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin “Dəmir yumruğu” ətrafında sıx birləşərək Vətən Müharibəsində düşmənə ağır zərbə vurmuş və xalqımız şanlı Zəfər qazanmışdır. Qarabağımızı işğaldan azad edən belə qəhrəman övladlar böyütdüklərinə görə bütün xalqımızın onlara sonsuz minnətdar olduğunu vurğulayan Abdin Fərzəliyev şəhidlərimizin heç zaman unudulmayacağını, onların tariximizdə əbədi yaşayacağını bildirmişdir.
Sonra Vətən Müharibəsi şəhidi Elçin Həsənlinin anası, Abşeron
RİH yanında İctimai Şuranın sədri Xatirə İsmayılova, şəhid mayor
Elşad Həsənovun qızı Aysun Həsənli çıxış edərək Azərbaycan
qadınlarını təbrik etmiş, onların tariximizdə oynadığı roldan,
cəmiyyətimizin inkişafı üçün həyata keçirdikləri fəaliyyətdən
danışmışlar. Vətən Müharibəsi qaziləri Vasif Allahverdiyev və
Vidadi Əliyev də xanımları təbrik etmiş, birgə döyüş yolu keçmiş
şəhidlərin xatirələrini hər zaman əziz tutduqlarını qeyd
etmişlər.
Daha sonra rayonun ictimai-siyasi həyatında fəallığı ilə fərqlənən,
o cümlədən təhsil, səhiyyə, mədəniyyət və idman sahəsində uğur
qazanmış xanımlar Fəxri Fərman ilə mükafatlandırılmışlar.
Sonda Vətən Müharibəsi qaziləri tərəfindən şəhid analarına gül dəstələri və hədiyyələr təqdim olunmuşdur.
Qeyd edək ki, abşeronlu şəhidlərin qız övladları üçün Heydər Əliyev Mərkəzində şənlik təşkil olunmuş, hədiyyələr təqdim edilərək bayramları təbrik edilmişdir.