Bakı. Trend:
Azərbaycanda adın, ata adının və soyadın dəyişdirilməsi qaydası dəyişir.
Trend-in məlumatına görə, bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən Ailə Məcəlləsinə dəyişiklik təklif edilir.
Dəyişikliyə əsasən, ərizə əsasında adın, ata adının və soyadın dəyişdirilməsi vətəndaşın seçdiyi, məhkəmə qətnaməsi əsasında dəyişdirilməsi isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır.
Hazırda isə adın, ata adının və soyadın dəyişdirilməsi vətəndaşların daimi yaşayış yerində qeydə alınır.
Adın, ata adının və soyadın dəyişdirilməsi barədə məhkəmənin
qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış
dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə
təsdiqlənərək, “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə
müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun)
informasiya sisteminə ötürülür.
Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq birinci oxunuşda
qəbul edilib.