Bakı. Trend:
Dövlət İmtahan Mərkəzi (DİM) İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ilə birgə noyabrın 5-də “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında” Əsasnaməyə müvafiq olaraq vergi orqanlarına işə qəbul olunmaq istəyənlər üçün test imtahanı keçirəcək.
Bu barədə Trend-ə DİM-dən məlumat verilib. Bildirilib ki, Bakı şəhərində 9 binada təşkil olunacaq imtahan saat 11:00-da başlanacaq. Saat 10:45-dən sonra gələn iştirakçılar imtahana buraxılmır.
Namizədlər imtahana gələrkən aşağıda qeyd olunan sənədləri gətirməlidirlər:
- Şəxsiyyət vəsiqəsi;
- İmtahana buraxılış vərəqəsi.
Tələb olunan sənədlərdən hər hansı biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmır.
İmtahanların idarə olunmasına 9 ümumi imtahan rəhbəri, 27 imtahan rəhbəri, 213 nəzarətçi-müəllim və 27 buraxılış rejimi əməkdaşı (mühafizə) cəlb olunacaq.
İmtahanda iştirak etmək üçün 2405 nəfər qeydiyyatdan keçib. Üç saat davam edəcək imtahanda namizədin seçdiyi istiqamət üzrə 100 test tapşırığı (95 qapalı tipli və 5 açıq tipli) təqdim olunur. Hər bir sualın düzgün cavabı 1 (bir) balla qiymətləndirilir (cəmi 100 mümkün bal) və nəticələr hesablandıqda səhv cavablar düz cavabların nəticəsinə təsir göstərmir.
Namizədlər imtahana buraxılış vərəqəsini DİM-in internet saytından çap edə bilirlər. Həmçinin “Yaddaş kitabçası” DİM-in saytında yerləşdirilib.