Bakı. Trend:
26 dekabr 2023-cü il tarixində Mərkəzi Gömrük Hospitalının Xəstə Xidmətləri şöbəsinin əməkdaşları üçün “İnsanlarla işləyən insanlar: Stressə davamlılığın artırılması”, “Effektiv iş mühitinin yaradılmasında komanda işinin əhəmiyyəti”, “Vaxtın idarə edilməsi” və “İş mühitində effektiv ünsiyyət” mövzularında təlimlər keçirilib. Təlimdə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin İnzibati İdarəetmənin Təşkili, Mərkəzi Gömrük Hospitalının Xəstə Xidmətləri, Təcili Tibbi Yardım və digər şöbələrin iş prosesində insanlarla təmasda olan əməkdaşları iştirak ediblər.
Tədbiri açılışı sözü ilə açan Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini t.ü.f.d., dosent İsmayıl Əfəndiyev keçirilən mövzuların Dövlət Gömrük Komitəsindən daxil olmuş 3-33/3-2-00007/2023 göstərişə əsasən Komitə aparatının struktur bölmələri, Komitə strukturuna daxil olan gömrük orqanları və qurumların əməkdaşları üçün davamlı olaraq keçiriləcəyi barədə, eləcə də əməkdaşların işgüzarlığının artırılmasında bu təlimlərin əhəmiyyətdən danışıb.
Tədbirdə Mərkəzi Gömrük Hospitalının psixiatrı, t.ü.f.d., Gülay Məmmədzadə “İnsanlarla işləyən insanlar: Stressə davamlılığın artırılması”, Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi Tədris Mərkəzinin mütəxəssis Şəhla Mirzəzadə “Effektiv iş mühitinin yaradılmasında komanda işinin əhəmiyyəti”, PR üzrə mütəxəssis Dilara Zamanova “Vaxtın idarə edilməsi” və uzman psixoloq Mahirə Pənahlı “İş mühitində effektiv ünsiyyət” mövzularında təlimlər aparıblar. Təlimdə stressin iş prosesinə və sağlamlığa göstərdiyi mənfi amillər, vaxtın düzgün və səmərəli idarə edilməsinin qaydaları və iş prosesində tətbiqinin işgüzarlığa göstərdiyi müsbət təsirləri, effektiv iş mühitinin yaradılmasında komanda işinin əhəmiyyəti, ünsiyyətin növləri və digər mövzularda ətraflı məlumat verilib.
Təlim tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb. Təlim iştirakçıları mövzular ətrafında geniş müzakirələr aparıblar. Tədbirin sonunda Xəstə Xidmətlərinin rəisi Gülşən İmanova təlimçilərə və təşkilatçılara təşəkkürünü bildirib.