Bakı. Trend:
Elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Bakı
Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri vəzifəsi Məktəbəqədər
və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktor müavini
Nərminə Hüseynovaya həvalə edilib.
Trend xəbər verir ki, Nərminə Hüseynova Gənclər və İdman
Nazirliyinin Gənclərlə iş şöbəsində, Azərbaycan Respublikası
Prezidenti yanında Gənclər Fondunda Strateji planlaşdırma və
beynəlxalq əlaqələr şöbəsində, Dünya Bankının təhsil sektorunun
inkişafı üzrə layihəsində çalışıb.
Nərminə Hüseynova 2016-cı ildən Təhsil İnstitutunda Milli və
beynəlxalq qiymətləndirmə tədqiqatları şöbəsinin, daha sonra Elm və
Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri
işlədiyi dövrlərdə beynəlxalq qiymətləndirmələr, ümumi təhsil
müəssisələrində təhsilin keyfiyyətinin yüksəldilməsi və məzmun
islahatları sahələrində çalışıb.
2020–2023-cü illərdə Elm və Təhsil Nazirliyində Aparat rəhbərinin
müavini olaraq çalışan Nərminə Hüseynova 2023-cü ilin oktyabr
ayından MÜTDA-nın direktor müavini kimi fəaliyyət göstərib.
Nərminə Hüseynova Bakı Dövlət Universitetində və Böyük Britaniyanın
Nottinqem Universitetində beynəlxalq münasibətlər və dövlət
idarəçiliyi üzrə təhsil alıb.
Evlidir, 2 övladı var.
Qeyd edək ki, BŞTİ-nin müdiri vəzifəsində çalışan Mehriban Vəliyeva
4 oktyabr 2023-cü il tarixində MÜTDA-nın direktor müavini təyin
edilib.