...

"Seyfulla Qasımov" kitabının təqdimatı keçirilib (FOTO)

Cəmiyyət Materials 30 Aprel 2024 15:49 (UTC +04:00)
"Seyfulla Qasımov" kitabının təqdimatı keçirilib (FOTO)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend

Bu gün "Azərbaycanın fədakarlıq məktəbi" silsiləsindən "SEYFULLA QASIMOV" kitabının təqdimatı keçirilib.

Trend-in məlumatına görə, Elşad Həsənov və Azər Səlimovun müəllifliyi ilə ərsəyə gələn kitab Azərbaycanın Təhlükəsizlik orqanlarının polkovniki, "Azərbaycan bayrağı" ordenli, əfsanəvi əks- kəşfiyyatçı, mərhum Seyfulla Qasımovun əziz xatirəsinə həsr olunmuş, onun omür və xidmət yolundan bəhs edir.



Tədbirdə çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib ki, Seyfulla Qasımov Azərbaycanın müstəqilliyinin ilk illərində, çətin dövrdə xidmət edib və dövlətçiliyimiz üçün böyük işlər görüb.

“O dövlət təhlükəsizliyinin təmin edilməsi üçün əlindən gələni maksimum edirdi və Azərbaycan dövləti də onların xidmətini heç zaman unutmayacaq”, - deyə o, qeyd edib.

Elşad Həsənov isə çıxış edərək qeyd edib ki, Seyfulla Qasımov fədakarlıq məktəbinin gözəl nümunələrindən biridir.

“Seyfulla Qasımov ilə tələbəlik dövründən tanış olmuşam. O, fədakar insan idi. O zaman Milli Təhlükəsizlik Nazirliyində ilk dəfə “Azərbaycan Bayrağı” ordenini Ulu Öndər Heydər Əliyev Seyfulla Qasımova verib. O bizim orqanda bir fenomen idi. Bu gün təqdimatına yığışdığımız kitab Seyfulla Qasımov haqqında bir xatirədir. Təəssüf ki, Seyfulla Qasımov bu günləri görmədi. Bu kitab Seyfulla müəllimin ruhunu şad edəcək”, - deyə o əlavə edib.

Digər çıxışçılar da Seyfulla Qasımovun fəaliyyəti haqqında fikirlərini bildirərək əlavə ediblər ki, bu kitab Seyfulla Qasımovun xatirəsinə bir ehtiramdır.

Seyfulla Qasımov 25 avqust 1958-ci ildə Saatlı rayonunun Ağarəhimli kəndində ziyalı ailəsində anadan olub. 1965-1975-ci illərdə 33-saylı dəmiryol məktəbində təhsil alıb. 1975-1980-ci illərdə Dövlət Neft Akademiyasında riyaziyyatcı-mühəndis ixtisasına yiyələnib.

1980-1985-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika İnstitutunun xüsusi konstruktor bürosunda çalışıb. 1985-2004-cü illərdə isə Azərbaycan Dövlət Təhlükəsizliyi Komitəsində, daha sonra isə Milli Təhlükəsizlik Nazirliyində işləyib. MTN-nin Əks-kəşfiyyat İdarəsinin rəisinin 1-ci müavini vəzifəsində çalışdıqdan sonra, 2003-2004-cü illərdə Milli Təhlükəsizlik Nazirliyində yeni yaranan Terrora Qarşı Mübarizə Baş İdarəsində rəis əvəzi vəzifəsində çalışıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti