Bakı. Trend:
Azərbaycanda bir neçə ildir ki, intensiv surətdə hidrometeoroloji şəbəkənin modernləşdirilməsi işləri aparılır və artıq ölkəmizdə hidrometeoroloji şəbəkənin 50 faizi modernləşdirilərək ən müasir avadanlıqlarla təmin edilib, avtomatlaşdırılmış sistemə keçirilib.
Trend-in məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bu gün keçirilən mətbuat konfransında bildirib.
O qeyd edib ki, hidrometeoroloji xəbərdarlıq, proqnoz məlumatlarının əhaliyə daha operativ çatdırılmasını təmin etmək məqsədilə meteo.az mobil tətbiqinin istifadəyə verilməsi nəzərdə tutulur.
Qeyd edək ki, Azərbaycanda hava xəbərdarlıqları yeni sistemlə təqdim olunacaq.
Milli Hidrometeorologiya Xidmətindən təqdim etdiyi yeni sistemə əsasən, gündəlik hava xəbərdarlıqları zamanı gözlənilən təhlükəli hidrometeoroloji hadisələr “Rəng Xəbərdarlıq Sistemi” şkalası ilə əhaliyə daha anlaşılan formada çatdırılacaq.
Belə ki, 3 rəng - sarı, narıncı və qırmızı rəng şkalası tətbiq ediləcək.
Hava xəbərdarlığının sarı rəng şkalasında təqdim olunması bəzi ərazilərdə meteoroloji risklərin ola biləcəyini proqnozlaşdırıldığı deməkdir. Belə ki, sarı xəbərdarlıqlarda kiçik xəsarətlər üçün bəzi potensial təhlükələr qeyd olunacaq.