...

Qoşulmama Hərəkatı Gənclər Təşkilatı COP29 Sədrliyinin nümayəndələri ilə görüş keçirilib

Cəmiyyət Materials 20 May 2024 18:08 (UTC +04:00)

Bakı. Trend:

17 may 2024-cü il tarixində Qoşulmama Hərəkatı Gənclər Təşkilatının (QHGT) mənzil qərargahında COP29 Sədrliyinin nümayəndələri ilə görüş keçirilmişdir.

Qoşulmama Hərəkatına (QH) üzv dövlətlərin gənclərinin dayanıqlı inkişafla bağlı müasir çağırışlarda fəallığına şərait yaradan platforma olaraq QHGT COP29-un qlobal iqlim danışıqlarında əhəmiyyətini yüksək dəyərləndirir. Bu xüsusda keçirilən görüş məhz QHGT-nin Milli Bölmələri arasında COP29 barədə məlumatlılığın artırılması, COP29 Sədrliyinin fəaliyyət gündəliyi və QHGT ilə COP29 Sədrliyi arasında əməkdaşlığın gücləndirilməsi məqsədi daşımışdır.

Görüş QHGT-nin mənzil qərargahı və qərargah daxilində fəaliyyət göstərən Tədqiqat Mərkəzi ilə tanışlıqla başlamışdır. COP29 Sədrliyinin nümayəndələri QHGT-nin əməkdaşları ilə tanış olaraq Təşkilatın son dövrlərdə həyata keçirdiyi tədbirlər barədə məlumat almışlar. Tədbir QHGT-nin sədri, COP29-un İqlim üzrə gənclər çempionu Leyla Həsənovanın salamlama nitqi ilə açıq elan edilmişdir. Daha sonra, COP29-un müəyyən olunmuş prezidenti, Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev çıxış edərək COP29 Sədrliyinin prioritetləri və fəaliyyət istiqamətləri barədə gənclərə ətraflı məlumat vermişdir. Ardınca, COP29-un baş danışıqçısı, Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Yalçın Rəfiyev nitqində gənc liderlərin perspektivlərinin beynəlxalq miqyasda təmsil olunmasının önəmini vurğulamışdır. Həmçinin, gənclərin iqlim təşəbbüslərində iştirakının vacibliyini vurğulayan L. Həsənova yekun çıxışında COP29-un QH gənclərinin qlobal iqlim dialoquna töhfə verməsinə də geniş imkanlar yaratdığını bildirmişdir. Sonda, QHGT-nin Milli Bölmələri və üzvləri suallarını COP29 Sədrliyinin nümayəndələrinə ünvanlamış və tədbir interaktiv sual-cavab sessiyası ilə yekunlaşmışdır.

Qeyd edək ki, Qoşulmama Hərəkatı Gənclər Şəbəkəsi Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2021-ci ildə yaradılıb. 2022-ci ilin iyulunda 60 dövlətin gənc nümayəndəsinin iştirak etdiyi QH Gənclər Şəbəkəsinin təşkilatçılığı ilə ilk dəfə keçirilən QH Gənclər Sammiti zamanı Şəbəkənin Təşkilata çevrilməsinə dair yekun sənəd olan Şuşa Akkordu qəbul edilib. Hazırda, Qoşulmama Hərəkatı Gənclər Təşkilatının Üzv Dövlətlər üzrə 58 Milli Bölmə nəzdində fəaliyyət göstərən yüzlərlə fəal üzvü Qoşulmama Hərəkatına üzv ölkələr arasında beynəlxalq dialoqa təkan verir.

Xəbər lenti

Xəbər lenti