...

Ordu günü milli kimliklə, qürurla, dövlətçiliklə, suverenliklə birbaşa bağlıdır - Rasim Həsənov

Cəmiyyət Materials 26 İyun 2024 11:37 (UTC +04:00)
Ordu günü milli kimliklə, qürurla, dövlətçiliklə, suverenliklə birbaşa bağlıdır - Rasim Həsənov
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Azərbaycan tarixinin və dövlətçiliyinin ən önəmli günlərindən biridir.

Bunu Trend-ə açıqlamasında professor Rasim Həsənov deyib.

O bildirib ki, 1918-ci ildə yaradılan Azərbaycan Xalq Cümhuriyyətinin ən böyük addımlarından biri Milli Ordumuzun yaradılması idi.

"Bugünkü Azərbaycan Ordusu həmin ordunun hüquqi varisidir. Biz bu gün ordumuz haqqında şərəflə danışa bilərik. Çünki ordumuz 30 ilə yaxın müddətdə işğalda olan torpaqlarımızı azad etdi və ərazi bütövlüyümüzü, milli qürurumuzu bərpa etdi.

Ordumuz yaranandan bu günə qədər torpaqlarımız uğrunda çox şəhidlər verib. Xalqımız şəhidlərimizi unutmamalıdır. Ordu günü milli kimliklə, qürurla, dövlətçiliklə, suverenliklə birbaşa bağlıdır", - deyə o qeyd edib.

Qeyd edək ki, bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 106 ili tamam olur. 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə ilk müntəzəm hərbi hissə - Əlahiddə Azərbaycan Korpusu yaradılıb.

Həmin il mayın 28-də qəbul edilmiş "İstiqlal bəyannaməsi"ndə qeyd edilirdi ki, Azərbaycan özünü xarici müdaxilələrdən müdafiə etmək, daxili düşmən qüvvələrini zərərsizləşdirmək üçün nizami orduya malik olmalı, özünün silahlı qüvvələrini yaratmalıdır. Hökumət tərəfindən 25 min nəfərlik ordu yaratmaq vəzifəsi irəli sürüldü. Avqustun 1-də Azərbaycanın Hərb Nazirliyi təsis olundu, ilk müdafiə naziri isə Xosrov bəy Sultanov təyin edildi.

Azərbaycanda ilk hərbi parad 1919-cu ildə Bakıda, indiki Muzey Mərkəzinin yerləşdiyi ərazidə keçirilib. Qısa müddətdə Milli Ordu Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından azad edə bilmişdi. 1920-ci ildə Azərbaycan sovet işğalına məruz qaldıqdan sonra hərbi nazirlik ləğv olundu, ordumuzun 15 generalı bolşeviklər tərəfindən güllələndi.

1991-ci ildə dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan Ordusunun yaradılması haqqında qərar qəbul edildi. Ulu öndər Heydər Əliyevin 1998-ci il 22 may tarixli Fərmanına əsasən, 26 İyun Silahlı Qüvvələr Günü elan olundu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti