Bakı. Trend:
Parlamentə növbədənkənar seçkilərdə Sumqayıtda şəhər üzrə səs verənlərin 3641 nəfəri yaşlı nəslin nümayəndəsidir. Onlardan birinin yaşı 100-dən çoxdur. 44 saylı üçüncü Sumqayıt seçki dairəsi üzrə qeydiyyata alınan ən yaşlı seçici 1923-cü il təvəllüdlü Xudiyeva Zəri Həsən qızıdır.
Trend xəbər verir ki, bu gün o da seçkilərdə öz namizədinə səs verib. Özünün xahişi ilə Zəri nənənin evinə seçici kimi qeydiyyatı alındığı dairə üzrə 16 saylı seçki məntəqəsindən daşınan seçki qutusu aparılıb.
O bildirib ki, dəfələrlə prezident, parlament və bələdiyyə seçkilərində iştirak edib.
Yaşına baxmayaraq, özünü kifayət qədər şux hiss edən həmsöhbətimiz özü haqqında danışarkən deyib: “Zəngilanda anadan olsam da, uzun illər Ermənistanın Qafan şəhərində yaşamışıq. Orada 5 il deputat olmuşam. Deportasiya zamanı 1989-cu ildə Sumqayıta pənah gətirmişik. Elə o zamandan da Sumqayıtda 11-ci mikrorayonda oğlumla bir yerdə yaşayıram”.
Daşınan seçki qutusunun evə gətirilməsinə görə təşəkkürünü bildirən Zəri nənənin 8 övladı, 18 nəvəsi, 35 nəticəsi, 4 kötükcəsi var. Ən böyük arzusu işğalda olan torpaqları, doğma Zəngilanı azad gömək idi. O, bu arzusuna da çatıb. Vətən müharibəsində qazanılan Şanlı Qələbədən bu gün də böyük sevinclə danışır. Zəri nənə qəhrəman şəhidlərə, yenilməz Ordumuza və Ali Baş Komandan İlham Əliyevə xalqımıza uzun illər gözlədiyimiz Qələbənin sevincini yaşatdıqları üçün minnətdarlığını bildirərək, Azərbaycanın daim abad və firavan, insanların isə xoşbəxt olmasını arzulayıb.
Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də VI çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.
Azərbaycanda 6 421 960 nəfər seçici var. Seçki günü 18 yaşı tamam olan seçicilərin sayı 374 nəfərdir. 6478 seçki məntəqəsi var. Onlardan 6343-ü daimi, 135-i isə müvəqqəti seçki məntəqələridir.
İşğaldan azad edilmiş ərazilərdə 54 daimi məntəqəmiz fəaliyyət göstərəcək. 10 məcburi köçkün dairəsi var. Onlardan 7-si daimi, 3-ü isə qismən məcburi köçkünləri əhatə edir. Məcburi köçkün məntəqələrinin sayı 574, məcburi köçkün seçicilərin sayı isə 397862 nəfərdir. Azad edilmiş ərazilərdə 42 mindən artıq seçici səs verəcək.
Növbədənkənar parlament seçkilərində ilk dəfə səs verəcək seçicilərin sayı 51 141 nəfərdir. Ən yaşlı seçici 134 yaşlı qadındır. Ən yaşlı kişi seçicinin 109 yaşı var.
Parlament seçkilərində 2500-ə yaxın məntəqədə "exit-poll" keçiriləcək. Üç beynəlxalq təşkilat exit-poll üçün qeydiyyatdan keçib. Exit-polları Sosioloji Tədqiqatlar Mərkəzi, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası "ORACLE ADVISORY GROUP" (Amerika Birləşmiş Ştatları) ilə birgə və "Tərəqqi" Sosial Tədqiqatlar İctimai Birliyi isə SWG S.P.A Tədqiqatlar Şirkəti (İtaliya) ilə birgə keçirəcək.
Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərini izləmək üçün 112 min 749 yerli müşahidəçi qeydiyyatdan keçib. Onların 65 mindən çoxu siyasi partiyaların təmsilçiləridir.
598 nəfər beynəlxalq müşahidəçi qeydiyyatdan keçib. Həmin müşahidəcilər 51 qurum, 69 ölkəni təmsil edirlər.
Növbədənkənar parlament seçkiləri il əlaqədar ATƏT/DTİHB-dən 227 nəfər, ATƏT PA-dan 61 müşahidəçi qeydiyyatdan keçib.
Parlament seçkilərində namizədliyi qeydə alınan 990 nəfərdən 305 nəfər 25 siyasi partiyanın nümayəndələridir. Namizədlərdən 371 nəfərin siyasi partiya mənsubiyyəti olsa da, partiya tərəfindən irəli sürülməyib. Ümumilikdə namizədlərdən 676 nəfərin siyasi partiya mənsubiyyəti var.
Bütün ölkə coğrafiyasını əhatə edən 1000 seçki məntəqəsində səsvermə günü proseslərini heç bir qeydiyyat tələb olunmadan, birbaşa və fasiləsiz müşahidə etmək üçün veb-kamera quraşdırılıb.
Sentyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərdə də daşınan seçki qutularından istifadə ediləcək. Bütün seçki məntəqələri daşınan seçki qutusu ilə təmin olunub.