Bakı. Trend:
İtkin düşmüş azərbaycanlıların ailələri adından beynəlxalq təşkilatlara səslənərək demək istəyirəm ki, itkin düşmüş əzizlərimiz tapılsın.
Bu barədə Trend-ə “Qarabağ İtkin Ailələri” İctimai Birliyinin sədri Könül Behbudova Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərin ailə üzvlərinin bir qrupunun Ağdam, Xocalı, Xankəndi və Şuşa şəhərinə səfəri zamanı deyib.
O bildirib ki, itkin düşmüş şəxslərin məzar yerləri barədə Azərbaycan tərəfə məlumat verilməlidir.
"Biz istəyirik ki, itkinlərimizi ziyarət etməyə heç olmasa məzarı olsun. 30 ildən çox hüquqlarımız tapdandı. Bütün dünya buna göz yumdu. Artıq bizim dözməyə taqətimiz qalmayıb. Birləşmiş Millətlər Təşkilatına, Beynəlxalq Qızıl Xaç Komitəsi, dünya ölkələrinə səslənirik. Bizim tapdanan hüquqlarımızı bərpa etsinlər. Cenevrə Konvensiyasının tələblərinə əməl etməyən Ermənistanı ədalət məhkəməsinə çəksinlər", - deyə o qeyd edib.