Bakı. Trend:
Xaçmaz rayonunda 8 Noyabr - Zəfər Gününə həsr olunmuş “Şanlı qürur tariximiz” adlı konfrans keçirilib.
Trend xəbər verir ki, tədbir iştirakçılları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, əziz xatirəsini ehtiramla yad ediblər.
Konfransda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqləlik sükutla yad edilib.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev 8 Noyabr -
Zəfər Günü münasibətilə rayon ictimaiyyətini təbrik edib. Bildirib
ki, Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan İlham Əliyevin
ətrafında sıx birləşməklə bütün dünyaya öz gücünü, mətinliyini,
mübarizliyini nümayiş etdirdi. 44 gün davam edən və işğal altındakı
ərazilərimizin azad edilməsi ilə nəticələnən Vətən müharibəsi
tariximizin ən parlaq səhifəsi olmaqla, Azərbaycan xalqının qürur
mənbəyidir. Zəfər Gününün dördüncü ildönümü respublikamızın hər
yerində olduğu kimi Xaçmaz rayonunda da iftixar hissi ilə qeyd
edilir.
Milli Məclisin deputatları Ağalar Vəliyev, Sevil Mikayılova və
Mahir Süleymanlı eləcədə digər çıxış edənlər yenilməz ordumuzun
şücaəti, qəhrəmanlığı, qorxmaz, cəsur əsgərlərimizin canı, qanı
bahasına əldə olunan qələbənin tarixi əhəmiyyətindən danışıblar.
Dövlət tərəfindən şəhid ailələrinə, qazilərə göstərilən diqqət və
qayğıdan eləcədə işğaldan azad olunan ərazilərdə aparılan quruculuq
işlərindən bəhs ediblər.
Sonda nümayiş etdirilən “Zəfər tarixi” adlı videoçarx iştirakçılarda duyğulu anlar yaşadıb.