Bakı. Trend:
“İRS” silsiləsi çərçivəsində 2024-cü ildə nəşr edilən kitabların təqdimat mərasimi keçirilib.
Trend xəbər verir ki, təqdimat mərasimində rəsmi qonaqlar, dövlət və ictimaiyyət nümayəndələri, şairlər, yazıçılar və media mənsubları iştirak ediblər.
Mərasimdə çıxış edən “İRS” jurnalının baş redaktoru Musa Mərcanlı bu günədək “İRS” seriyasından olan bütün kitabların oxucular tərəfindən çox maraqla qarşılandığını bildirib.
O, həmçinin əlavə edib ki, bugünədək Qarabağ haqqında 10-dan çox kitab nəşr edilib.
“Azərbaycan tarixini və mədəniyyətini öz ölkəmizdə tanıdmaq vacibdir. Amma xarici ölkədə yaşayanlar da bizim tariximizi, mədəniyyətimizi, həqiqətlərimizi, Qarabağ haqqında məlumatları bilməlidirlər”,- deyə M.Mərcanlı qeyd edib.
“PAŞA Həyat Sığorta” ASC-nin İdarə Heyətinin sədri Niyaz İsmayılov çıxışı zamanı qeyd edib ki, bundan öncəki ildə bir kitab nəşr edilirdi. Ancaq artıq bu il 5-ə yaxın kitabın təqdimatı keçirilir.
“Bütün bunlar kitabların nə qədər maraq doğurduğunu və nəşrlə bağlı işlərimizin genişləndirilməsinin göstəricisidir.
Qarabağ torpaqları işğaldan azad edildikdən sonra yeni-yeni kitablar üzərində çalışdıq və orada göstərdik ki, işğal dövründə mənfur düşmən torpaqlarımızı nə hala salıb. Biz bu kitabların nəşrini davam etdirəcəyik”,- deyə N. İslamov bildirib.
Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov əlavə edib ki, “İRS” nəşriyyat evi kitabları bir sıra dillərdə nəşr edir və bu da öz növbəsində daha geniş auditoriyanın diqqətini cəlb etməkdə mühim rol oynayır.
“"Gizli ölüm toxumları" kitabında Azərbaycanın üzləşdiyi mina təhlükəsi ilə bağlı müxtəlif faktlar və fotolar yer alıb.
Bildiyiniz kimi, İkinci Qarabağ müharibəsi bitdikdən dərhal sonra azad edilən ərazilərdə minatəmizləmə işlərinə başlanıldı və hələ də davam edir. Bugünədək 179 min ha ərazi minalardan və partlamamış hərbi sursatlardan təmizlənib. 176 mindən çox mina və PHS aşkarlanaraq zərərsizləşdirilib”,- deyə o vurğulayıb.
Daha sonra tədbir digər çıxışlar və bədii hissə ilə davam edib.