Bakı. Trend:
Pambıq məhsulunun təhvil verilməsinin (alınmasının) təsdiq prosesi elektronlaşdırılır, “pambıq qəbulu sənədi” ləğv edilir.
Trend xəbər verir ki, bu məsələ Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirə olunan “Pambıqçılıq haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Bildirilib ki, qanun layihəsi pambığın alqı-satqısının sənədləşdirilməsi qaydasının Vergi Məcəlləsinin 71-1 (elektron qaimə-fakturaları) və 71-2-ci (malların alış aktı) maddələrinin tələblərinə uyğunlaşdırılması məqsədilə hazırlanıb. Belə ki, qanun layihəsinə əsasən, pambığın alqı-satqısı üçün xüsusi olaraq nəzərdə tutulan “pambıq qəbulu sənədi”nin ləğvi və bu malın satışının elektron qaimə-fakturaları və ya malların alış aktları ilə sənədləşdirilməsi nəzərdə tutulur.
Pambıq qəbulu qəbzi - üzərinə Maliyyə Nazirliyindən alınan xüsusi seriyaların həkk edildiyi ciddi hesabat blankı, pambığın alqı-satqısı ilə əlaqədar satıcı və alıcı arasında hesablaşmanın aparılması üçün əsas sənəddir. Pambığın alqı-satqısı tərəflərin razılığı ilə tərtib edilən müqaviləyə əsasən həyata keçirilir və Maliyyə Nazirliyi tərəfindən müvafiq qaydada təsdiq olunan forma və rekvizitlərə uyğun ciddi hesabat blankı olan kağız daşıyıcılarda pambıq qəbulu qəbzi ilə sənədləşdirilir.
Həmçinin, məhsul subsidiyası ilə bağlı hər il fermerlər Maliyyə Nazirliyinin təsdiq etdiyi reqlamentlərlə müəyyən edilən müddətlərdə elektron bəyannaməni (müraciəti) və məhsulun tədarükçüyə təhvil verilməsi barədə sənədləri (məhsulun qəbul qəbzlərini və (və ya) elektron qaimə-fakturaları və ya malların alış aktlarını), tədarükçülər isə təhvil aldıqları kənd təsərrüfatı məhsulunun növü və miqdarı barədə məlumatları SİS-ə daxil etməlidirlər.
Vurğulanıb ki, subsidiyaların verilməsi prosesi zamanı digər kənd təsərrüfatı məhsullarında (buğda, şəkər çuğunduru və s.) məhsulun təhvil verilməsi elektron sənədlərlə (elektron qaimə-faktura və ya elektron alış aktı) təsdiqlənir. Yalnız pambıq üzrə bu günədək qəbul qəbzi kağız şəklində istifadə olunur ki, bu da “Elektron kənd təsərrüfatı informasiya sistemi”ndə (EKTİS) ikili yanaşma və statistik uyğunsuzluq yaradır. Həmçinin kağız sənədlər EKTİS ilə Dövlət Vergi Xİdmətinin Avtomatlaşdırılmış Vergi İnformasiya Sisteminə (AVİS) inteqrasiya olunmur, bu da məlumat axınında gecikmələr və uyğunsuzluq yaradır. Bununla yanaşı, kağız sənədlərlə aparılan əməliyyatlar üzrə real vaxtda izləmə və yoxlama imkanı yoxdur, bu isə büdcə vəsaitlərinin nəzarətsiz xərclənməsi riskini artırır.
Əlavə edilib ki, pambıq məhsulunun qəbul qəbzinin kağız daşıyıcılarda tərtib olunması həm prosesin elektronlaşmasına və asanlaşmasına mane olur, belə ki, vətəndaşlar qəbzi skan edərək EKTİS-ə daxil etməyə məcbur qalırlar.
Vergi Məcəlləsinə əsasən, malların təhvil verilməsi (təhvil alınması) elektron qaimə-faktura və malların alış aktı ilə təsdiq edilir. Həmin sənədlər Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin portalında yaradılan “elektron qaimə-faktura” və ya “elektron alış aktı” altsistemində elektron qaydada hazırlanır və təsdiqlənir.
Elektron qaimə-fakturanın və elektron alış aktının uçotu hər bir vergi ödəyicisi üzrə AVİS vasitəsilə həyata keçirilir. Elektron qaimə-fakturanın və elektron alış aktının seriya və nömrəsi AVİS vasitəsilə verilir və müvafiq olaraq eyni seriyada və eyni nömrədə təkrarlanmasına yol verilmir. AVİS-dən inteqrasiya edilən məlumatlar əsasında vətəndaşlardan əlavə sənəd tələb edilmədən məhsul subsidiyası hesablana bilər.
Qeyd edilib ki, layihənin qəbul edilməsi nəticəsində pambıq bitkisinə münasibətdə də məhsulun təhvil verilməsinin (alınmasının) təsdiq edilməsi prosesi elektronlaşdırılmaqla EKTİS ilə AVİS arasında inteqrasiya əsasında real vaxt rejimində məhsulun qəbuluna dair məlumatların əldə edilməsi, seriya və nömrələrin unikallığının təmin edilməsi ilə vergi və subsidiyalar üzrə avtomatlaşdırılan təhlilin aparılması, sahibkarlar və fermerlər üçün əməliyyatların sadələşdirilməsi, dövlət tərəfindən maliyyə nəzarətinin və şəffaflığın artırılması, habelə dövlət büdcəsinin vəsaitinə qənaət edilməsi mümkün olacaq və elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçid üzrə ölkə siyasəti davam etdiriləcək.