Laçın. Trend:
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın iştirakı ilə 2023-cü il avqustun 26-da açılışı olmuş “Laçın Aqro-Sənaye Parkı” fəaliyyətini genişləndirir. Rayonun Zerti kəndində yerləşən Parkda daha iki müəssisə fəaliyyətə başlayıb.
Trend-in yerli müxbiri xəbər verir ki, sənaye parkında fəaliyyətə başlayan daha bir müəssisə “LATIFA” Laçın tikiş fabrikidir.
Fabrikin layihə rəhbəri Asiya Lahıcova müsahibəsində bildirib ki, müəssisədə ilkin olaraq 30 nəfər işlə təmin edilib. Fabrikdə gündə 2 min ədəd tekstil məhsulu istehsal olunacaq. Fabrikdə çalışan xanımlar da Laçın sakinləridir. Burada onlar üçün təlimlər təşkil olunaraq təcrübə qazanması üçün şərait yaradılıb. Hazırda fabrikdə müxtəlif çeşidlər ərsəyə gətirilir. Buraya ev tekstili, idman dəstləri, eksklüziv geyimlər və digər məhsullar daxildir.
Qeyd edək ki, uzun illər Ermənistan tərəfindən işğala məruz qalmış Qarabağın və Şərqi Zəngəzurun dirçəldilməsi istiqamətində həyata keçirilən genişmiqyaslı layihələr regionun iqtisadi potensialının reallaşdırılması ilə paralel şəkildə davam etdirilir. Yeni istehsal və xidmət müəssisələrinin istifadəyə verilməsi əhalinin dayanıqlı məskunlaşmasına və məşğulluğun təmininə geniş şərait yaradır. Eyni zamanda, Laçın Sənaye Parkında istehsal müəssisələrinin qurulması innovativ texnologiyaların tətbiqi və ixracyönümlü məhsul hazırlanması baxımından böyük əhəmiyyət daşıyır. Bütün bu addımlar Qarabağı və Şərqi Zəngəzuru ölkənin iqtisadi inkişafının mühüm komponentlərindən birinə çevirir, bölgənin ümumilikdə ölkə iqtisadiyyatına inteqrasiyasını sürətləndirir.