Bakı. Trend:
Bu gün, iyunun 26-sı Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradılmasının 107-ci ildönümür. 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə ilk hərbi hissə - Əlahiddə Azərbaycan korpusu yaradılıb. Ümummilli Lider Heydər Əliyevin 1998-ci il 22 may tarixli qərarına əsasən, iyunun 26-sı Silahlı Qüvvələr Günü elan olunub. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin qüdrətinin artırılması istiqamətində kompleks tədbirlər həyata keçirilib. Prezident, Ali Baş Komandan İlham Əliyev ordu quruculuğu siyasətini uğurla davam və inkişaf etdirib. Bu sahədə aparılan uğurlu siyasətin nəticəsidir ki, bu gün dünyanın ən güclüləri sırasında olan, Cənubi Qafqazda rəqib tanımayan Azərbaycan Ordusu 107 yaşını şanlı Zəfərin beşinci ildönümünün təntənəsində qeyd edir.
Trend-in əməkdaşı Silahlı Qüvvələr Gününün 107-ci ildönümü ilə bağlı şəhər sakinlərinin fikirlərini öyrənib.
Paytaxt sakini, gənc oğlan Trend-ə fikirlərini bölüşürək bildirib ki, 26 iyun Silahlı Qüvvələr Günü hər il olduğu kimi, bu il də təntənəli qeyd olunur:
“Bugünkü yürüşdə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin orkestrı və Ali Hərbi Liseyin kursantları iştirak edir. Mən burada olmaqdan çox şadam. Fəxr edirəm ki, Azərbaycan Respublikasının vətəndaşıyam. Mən hərbi liseyin orkestrının üzvlərindən birinin övladı olaraq bu yürüşlərdə qürur və fəxr hissi ilə iştirak edirəm”.
“Bu yürüşlər ordumuzun gücünü və nizam-intizamını nümayiş etdirməklə birgə, biz gənclərə vətənpərvərlik ruhunu aşılayır. Bizlərin bu ruhda tərbiyə olunaraq böyüməsinə imkan yaradır”, - deyə o qeyd edib.